İDMAN İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN MƏZARINI VƏ ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT EDİBLƏR

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyinin, Milli Olimpiya Komitəsinin, idman federasiyalarının və ictimaiyyətinin nümayəndələri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, önünə gül dəstələri qoyub.
Ölkəmizin idman ictimaiyyətinin nümayəndələri daha sonra “Əbədi məşəl” abidəsini ziyarət ediblər.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov jurnalistlərə müsahibəsində bildirib ki, 5 mart – Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı ilə təsis edilib. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Azərbaycanın ən mötəbər idman turnirlərinə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan nazir müavini bütün bunlar dövlətimizin idmana göstərdiyi hərtərəfli qayğının nəticəsidir.
Bu gün ölkəmizdə yetişən sağlam gənclərin təkcə idman sahəsində deyil, Vətən torpaqlarının müdafiəsi uğrunda da ilk sıralarda addımladıqlarını vurğulayan nazir müavini deyib: “Azərbaycan gəncləri öz sözlərini 44 günlük Vətən müharibəsində dedilər. Ordumuz 30 illik işğal dövründə müdafiə istehkamları tikən Ermənistan ordusunu darmadağın etdilər. Bu, ölkəmizdə uzun illərdir aparılan uzaqgörən siyasətin, gənclər və idman siyasətinin nəticəsidir. Hərbçilərimiz arasında Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Naxçıvan xüsusi təyinatlılarının idmanda nailiyyətlər göstərən əsgər və zabitləri də var”.
İ.İsmayılov qeyd edib ki, nəinki Olimpiya, hətta qeyri-Olimpiya növlərinə də xüsusi diqqət və qayğının göstərilməsi yeniyetmələrimizin sağlam və fiziki hazırlıqlı böyümələri baxımından xüsusi əhəmiyyət kəsb edib. Bu da ölkə idmanının inkişafı ilə yanaşı, Ordumuzun yüksək fiziki hazırlıqlı kadrlarla təmin edilməsi baxımında da vacib məsələlərdən biridir.
Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov pandemiya şəraitinə baxmayaraq, Olimpiya idman növləri üzrə yığma komandalarımızın Tokio Olimpiadasına hazırlığı davam etdirdiklərini bildirib.
F.Mansurov idman zallarının yaxın vaxtlarda açılacağına ümidvar olduğunu bildirərək deyib: “Bəzi idman növləri var ki, onların fəaliyyəti bu gün də davam etmir. Nazirlik tərəfindən təkliflər verilib. Məşqlərin keçirilməsi, zalların açılması nazirliyin icazəsi ilə deyil. Bu, pandemiya şəraitinə görə Operativ Qərargahın verdiyi qərardan asılıdır. Biz də istəyirik ki, idman ictimaiyyəti, idmançılar məşqləri bərpa edə bilsinlər. İnanırıq ki, bu məsələlər yaxın gələcəkdə həllini tapacaq”.