Milli Gimnastika Arenasında keçirilən qadın idman gimnastikası üzrə 6-cı, kişi idman gimnastikası üzrə 27-ci Azərbaycan birinciliyi və Bakı çempionatına yekun vurulub.
Yarışda “Ocaq Sport”, Bakı Gimnastika Məktəbi, Sumqayıt Olimpiya İdman Kompleksi, Sumqayıt İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi və Balakəni təmsil edən idmançılar qüvvələrini sınayıblar.
İki gün davam edən yarışda idmançılar balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında qüvvələrini sınayıblar.
Ümumilikdə 69 idmançı müxtəlif alətlərdə çıxışlarını hakimlərə təqdim edərək, öz aralarında ən güclünü müəyyənləşdiriblər.
Qeyd edək ki, ikiillik fasilədən sonra xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirləri ilə əlaqədar olaraq tamaşaçılar Milli Gimnastika Arenasında martın 16-17-də keçirilmiş bədii gimnastika üzrə Azərbaycan çempionatında olduğu kimi, idman gimnastikası üzrə yarışları da izləyiblər. Gimnastika həvəskarları idmançılarımızın çıxışlarını izləməkdən xüsusi zövq aldıqlarını və yarışlara baxmağa həvəslə gəldiklərini bildiriblər.
Qeyd edək ki, qarşıda bu növ üzrə idmançılarımızı daha bir mötəbər yarış gözləyir. Belə ki, təmsilçilərimiz martın 31-dən aprelin 3-dək keçiriləcək dünya kuboku yarışlarında qüvvələrini sınayacaqlar.