
Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF 2025” Beynəlxalq Müdafiə Sənayesi Sərgisi davam edir.
Tədbirdə iştirak edən Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Somalinin müdafiə naziri Ahmed Moallim Fiqi, Cənubi Afrika Respublikasının müdafiə və vətən veteranları nazirinin müavini Bantubonke Harrington Holomisa və Səudiyyə Ərəbistanı Krallığının icra məsələləri üzrə müdafiə nazirinin müavini Khalid bin Hussein Al-Biyari ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) verilən məlumata görə, görüşlər zamanı “IDEF 2025” sərgisində yüksək səviyyəli işgüzar mühitin formalaşdığı, tədbirin müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları baxımından mühüm platforma rolunu oynadığı vurğulanıb. Ölkələrimiz arasında hərbi-texniki sahədə tərəfdaşlıq imkanları müzakirə edilib, tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sərgi çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan və “Baykar” şirkətinin İdarə Heyətinin sədri Səlcuk Bayraktar MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stendi ziyarət ediblər. Nazir V.Mustafayev onlara sərgidə nümayiş olunan Azərbaycanın istehsal etdiyi hərbi məhsullar haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, MSN “IDEF” sərgisində 9-cu dəfədir ki, stendlə iştirak edir. Sərgi iyulun 27-də başa çatacaq.