İCMA: FRANSANIN ERMƏNİSTANIN TƏLƏBİNİ DƏSTƏKLƏMƏSİ BEYNƏLXALQ HÜQUQA VƏ İNSAN HAQLARINA TƏHQİRDİR

Fransanın Xarici İşlər Nazirliyinin bu ölkənin xarici işlər naziri Katrin Kolonnanın Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla avqustun 15-də telefon danışığının məzmununa dair yaydığı məlumat Fransanın beynəlxalq hüququn norma və prinsiplərinə və insan haqlarına hörmətsizliyinin və Azərbaycanofob siyasətinin növbəti bir sübutudur.

Bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurd-yuvasından qovmasına, 20 mindən artıq mülki azərbaycanlını qətl etməsinə, Azərbaycan ərazisinin 20 faizini işğal edib oradakı 900-ə yaxın yaşayış məskənini viran etməsinə, milyondan artıq mina döşəyərək oraları yaşanmaz hala gətirməsinə göz yuman Fransa, indi qəflətən özünü humanitar dəyərlərə tərəf kimi qələmə verməyə çalışır.

Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni erməni silahlı dəstələri oradakı mülki əhalini girov götürərək, Ağdamdan gedən yolu bağlaması və Ermənistana birbaşa, nəzarətsiz yol tələb etməsi şantaj, quldurluq və terrorçuluqdan başqa bir şey deyil.

Fransanın Ermənistanın bu tələbini dəstəkləməsi beynəlxalq hüquqa və insan haqlarına böyük təhqirdir.

“Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə zidd siyasətini və Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmağa və əsl insan haqları məsələsi olan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququnu dəstəkləməyə çağırırıq”, – deyə İcmanın bəyanatında vurğulanıb.