ICESCO ÜMUMDÜNYA ŞƏHƏRLƏR GÜNÜ MÜNASİBƏTİLƏ ÜZV ÖLKƏLƏRƏ MÜRACİƏT EDİB

Hər il oktyabrın 31-də beynəlxalq ictimaiyyətin qeyd etdiyi Ümumdünya Şəhərlər Gününün builki mövzusu “İqlim dəyişiklikləri fonunda gənclərin şəhərlərin davamlılığı üçün yerli fəaliyyətinin əhəmiyyəti” devizidir. Bu, davamlı şəhər icmalarının, ağıllı və yaşıl şəhərlərin qurulması, ekoloji problemlərə və urbanizasiyaya qarşı innovativ həllər vasitəsilə mübarizə apararaq layiqli həyat şəraitinin təmin edilməsində gənclərin rolunu vurğulamaq üçün bir fürsətdir.

Bu fikirlər İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Ümumdünya Şəhərlər Günü münasibətilə beynəlxalq ictimaiyyətə və üzv ölkələrə müraciətində yer alıb.

Müraciətdə deyilir: “ICESCO bu fürsətdən istifadə edərək beynəlxalq ictimaiyyəti, o cümlədən üzv ölkələri, beynəlxalq və regional təşkilatları, qurumları və özəl sektoru gənclərin ətraf mühitin mühafizəsinə töhfələrini təşviq etməyə çağırır. İqlim dəyişikliyinə uyğunlaşmaq üçün onların rolunun artırılmasına sərmayə qoymaq, gənclərin və qadınların təşəbbüslərini inkişaf etdirmək, ağıllı, dayanıqlı və davamlı şəhərlərə doğru keçidi təşviq edən layihələri dəstəkləmək davamlı inkişafın sütunlarıdır”.

Daha sonra qeyd edilir ki, beynəlxalq ictimaiyyətin və üzv dövlətlərin səylərini dəstəkləyən ICESCO, eyni zamanda, özünün yeni baxışı və strateji istiqamətləri çərçivəsində təşkilatın Elm və ətraf mühit sektoru vasitəsilə gənclərə innovasiyalar üçün müasir texnologiyalardan istifadə etməyi öyrətmək məqsədi daşıyan bir sıra təşəbbüslər və proqramlar həyata keçirib. Ağıllı, davamlı və dayanıqlı şəhərlərə əlavə olaraq, həmçinin iqlim fəaliyyəti sahəsində innovativ layihələrin hazırlanması və həyata keçirilməsində gənclərin bacarıqlarını artırmaq məqsədi daşıyan Gənc İqlim Liderliyi Təlim Düşərgəsi kimi iqlim dəyişikliyinin nəticələrini azalda biləcək layihə də bu qəbildəndir. Texnologiya və innovasiya üzrə kiçik biznesin inkişafı sahəsində keçirilən gənclərin təlim proqramına əlavə olaraq, üzv dövlətlərdə bu konsepsiyaları və təbii ehtiyatlardan səmərəli istifadəni təşviq etməyə çalışan İslam Dünyası Proqramı uğurla həyata keçirilir.

Müraciətin sonunda bildirilir: “Gənclərin daha yaxşı gələcək qurulmasına verdiyi töhfələrdən xəbərdar olan ICESCO, eyni zamanda, iqlim dəyişikliyi ilə bağlı problemlərlə mübarizə apara biləcək yeni nəsillər yetişdirmək üçün onların yaradıcı istedadını, həvəsini və liderlik bacarıqlarını inkişaf etdirməyin vacibliyini vurğulayır”.

Qeyd edək ki, BMT-nin Ümumdünya Şəhərlər Günü ilə əlaqədar son hesabatına görə, iqlim dəyişikliyi kontekstində görünməmiş problemlərlə üzləşən şəhərlərdə 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin yaşayacağı proqnozlaşdırılır. 2030-cu ilə qədər insanların təxminən 60 faizi şəhərlərdə yaşayacaq, eyni zamanda, şəhər sakinlərinin 60 faizə qədərinin yaş həddi 18-dən aşağı olacaq.