
İsrailin https://www.i24news.tv/fr portalında İsrailin Avrasiyadakı səfirlərinin Bakıda keçirilmiş ilk konfransına dair məqalə dərc edilib.
Məqalədə belə tədbirlərin əvvəllər Moskvada keçirildiyi, lakin Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Azərbaycanda təşkil edildiyi bildirilir.
Qeyd olunur ki, konfransda Ukrayna, Rusiya, Belarus, Moldova, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Serbiya, Albaniya, Şimali Makedoniya və Kosovodakı səfirlər iştirak ediblər. İştirakçılar arasında İsrail Dövləti Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nun da olub.
Məqalədə bildirilir ki, Azərbaycan paytaxtında bir araya gələn səfirlər Ukraynadakı müharibəni, İran təhlükəsini və İsraillə müsəlman ölkələri arasında əlaqələri müzakirə ediblər. Həmçinin İsrail ilə İran arasında artan gərginlik fonunda 2023-cü il üzrə planlar, İsrailin müsəlman dövlətləri ilə əlaqələrinin inkişafının davamlı xarakter alması da əsas müzakirə mövzuları olub.
Yazıda İsraillə Azərbaycan arasındakı əlaqələrdən də bəhs edilir. Qeyd olunur ki, Azərbaycan rəsmilərinin İsrail parlamentinə göndərdikləri məktubda Azərbaycan dövlətinin hər zaman yəhudi xalqının dostu olduğu və İsrailin təhlükəsizlik sahəsində dəstəyini heç vaxt unutmayacağı vurğulanıb.
Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin Bakıda İsrail diplomatlarına mühazirə oxuduğu da diqqətə çatdırılıb. Bildirilib ki, Fariz Rzayev mühazirədə regional təhlükəsizlik məsələlərinə toxunub.
Bundan əlavə, diplomatların Bakıda Şəhidlər xiyabanını ziyarət etdikləri də vurğulanıb.