“İ24 NEWS” TELEKANALINDA AZƏRBAYCAN-İSRAİL DOSTLUĞU HAQQINDA VERİLİŞ YAYIMLANIB

İsrailin ərəb dilində yayımlanan “i24 news” televiziya kanalında Azərbaycan-İsrail dostluğu haqqında veriliş efirə gedib. Proqramın qonağı olan ABŞ-ın Etnik Anlaşma Fondunun sədri Ravvin Mark Şnayer müsəlman ölkələri arasında ən çoxsaylı yəhudi icmasının məskunlaşdığı Azərbaycanın xalqlar arasında tolerantlıq nümunəsi olduğunu vurğulayıb. O, diqqətə çatdırıb ki, Azərbaycanda 8 mindən artıq yəhudi yaşayır və onlar bütün etnik qrupların nümayəndələri ilə birlikdə özlərini doğma vətəndə hiss edirlər.
R.M.Şnayer Prezident İlham Əliyevin 11 il əvvəl Bakıdakı “Xabad-Or-Avner” təhsil mərkəzinin açılışında iştirakından bəhs edərək, dövlətimizin başçısının mədəniyyətlər və dinlərarası dialoq üzrə fəaliyyətinin bütün siyasi liderlər üçün örnək olduğunu vurğulayıb. O, qeyd edib ki, Azərbaycan Təl-Əvivdə turizm bürosu açıb, Beynəlxalq Holokost Qurbanlarının Xatirə Günündə iştirak edib. Eyni zamanda, rəsmi Bakı bütün dünyada irqçilik və etnik-dini zəmində ayrı-seçkiliyin bütün təzahürlərinin qarşısının alınmasında mühüm rol oynayır.