
Noyabrın 1-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan teatrlarının iştirakı ilə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalına həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov və Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək festivalın əhəmiyyəti, iştirakçı teatrlar, göstəriləcək tamaşalar barədə məlumat veriblər.
TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib ki, festivalın keçirilməsində məqsəd Türk dünyası teatrşünaslarını bir araya gətirməkdir.
O bildirib ki, TÜRKSOY Beynəlxalq Teatr Festivalı türkdilli ölkələrin teatrlarının inteqrasiyası üçün çox önəmlidir.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov bu festivalın TÜRKSOY tərəfindən keçirilən ilk festival olduğunu vurğulayıb.
“Teatrın münsiflər heyəti kifayət qədər professional şəxslərdir. Ümidvaram ki, bütün proseslər teatr mədəniyyətinin xeyrinə olacaq”, – deyə İ.İsrafilov deyib.
Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı qeyd edib ki, bu festivala daxil olan 6 ölkədən təqdim edilmiş teatr tamaşaları öz ölkələrinin ən yaxşı səhnə səsri olaraq seçilib.
Qeyd edək ki, festival Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.
