İƏT OMBUDSMANLAR ASSOSİASİYASININ İCLASINDA ERMƏNİSTANIN BEYNƏLXALQ HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNİ POZMASINDAN DANIŞILIB

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Mərakeş Krallığının Rabat şəhərində rəsmi səfərdədir.

Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər ki, səfərin məqsədi İslam Əməkdaşlıq Təşkilatı Ombudsmanlar Assosiasiyası (İƏT OA) İdarə Heyətinin növbəti iclasında iştirak etməkdir.

Hibrid formatda keçirilən iclasın ilk günü Assosiasiyanın fəaliyyəti, ombudsman institutlarının rolunun gücləndirilməsi ilə bağlı prioritet məsələlər müzakirə edilib.

İclasda ombudsman Səbinə Əliyeva məruzə ilə çıxış edərək silahlı münaqişələrin insanların hüquq və azadlıqlarına təsiri, Ermənistanın ölkəmizə qarşı uzunmüddətli hərbi təcavüzü nəticəsində beynəlxalq hüququn norma və prinsiplərinin pozulması, münaqişə və postmünaqişə dövründə Azərbaycan Ombudsmanının həyata keçirdiyi faktaraşdırıcı missiyaların nəticələri barədə geniş məlumat verib.

Sonra ombudsman Səbinə Əliyeva Assosiasiya prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin ötən il Azərbaycanın işğaldan azad olunan ərazilərində müstəqil araşdırmalar həyata keçirdiyini, beynəlxalq humanitar prinsiplərin pozulması ilə bağlı çoxsaylı faktların əldə edildiyini diqqətə çatdırıb.

Çıxış zamanı İƏT-ə üzv ölkələrin ombudsman təsisatlarının imkanlarını gücləndirmək məqsədilə Assosiasiya tərəfindən təşkil olunan təlimlərin əhəmiyyətinə diqqət çəkilib, belə təlimlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Yekunda ombudsman S.Əliyeva Assosiasiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb, mövzular üzrə müzakirələr aparılıb.

Xatırladaq ki, səfər çərçivəsində ombudsmanın Mərakeş Krallığının dövlət rəsmiləri ilə görüşləri də nəzərdə tutulub.