İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyası Sədrinin rəhbərlik etdiyi ekspertlərdən ibarət beynəlxalq nümayəndə heyəti günün ikinci yarısında Tərtər şəhərində olublar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara 44 günlük müharibə zamanı şəhər mərkəzi də daxil olmaqla, ermənilərin dinc sakinlərin yaşadığı kənd və qəsəbələrə etdikləri raket hücumları ilə bağlı məlumat verib.
Rayon rəhbəri yaşayış məntəqələrinə atılan raket və müxtəlif hərbi sursatların qalıqlarını qonaqlara təqdim edib. Qonaqlar müharibə vaxtı erməni terroru nəticəsində tamamilə dağıdılan, hazırda isə müharibənin nişanəsi kimi saxlanılan fərdi yaşayış evinə də baxış keçiriblər.
Qeyd edək ki, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyası bundan öncə işğaldan azad olunan Ağdam şəhərində faktaraşdırıcı missiya həyata keçirib.