İƏT-LƏ STATİSTİKA SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ HAQQINDA ANLAŞMA MEMORANDUMU TƏSDİQLƏNİB

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə İslam Əməkdaşlıq Təşkilatının İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi arasında statistika sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Anlaşma Memorandumu 2020-ci il dekabrın 24-də Bakıda və 2021-ci il fevralın 11-də Ankarada imzalanıb.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Dövlət Statistika Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İslam Əməkdaşlıq Təşkilatına bildiriş göndərsin.