İƏT KOMPÜTER İNSİDENTLƏRİNƏ QARŞI MÜBARİZƏ MƏRKƏZLƏRİNİN DİREKTORLAR ŞURASININ İLK İCLASI KEÇİRİLİB

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin də üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin (OIC-CERT) Direktorlar Şurasının ilk iclası keçirilib.

Onlayn formatda keçirilən iclasda 2023-cü il üçün nəzərdə tutulmuş fəaliyyət planı müzakirə olunub, idarə heyətinin tədbirlər planı üzrə məsul olacağı sahələr müəyyən edilib. Yeni üzvlərin qəbulu məsələsi səsverməyə çıxarılıb, eləcə də idarə heyətinin növbəti canlı görüşünün təşkili ilə bağlı təkliflər dinlənilib.

Qeyd edək ki, təsdiq edilmiş illik fəaliyyət planına əsasən, Azərbaycan (CERT.gov.az) növbəti ildə də təşkilatın 4-cü strateji istiqaməti olan “Texnika və texnologiya” sahəsinə rəhbərlik edəcək.

Həmçinin iclas zamanı Birləşmiş Ərəb Əmirliyinin CERT təşkilatının təklifinə əsasən idarə heyətinin növbəti iclasının 14-16 mart tarixlərində BƏƏ-nin Dubay şəhərində keçiriləcək Qlobal Kibertəhlükəsizlik Sərgisi (GISEC) ilə paralel keçirilməsi təklif edilib və bu təklif idarə heyəti tərəfindən müsbət dəyərləndirilərək qəbul olunub.