İƏT İSLAM ÖLKƏLƏRİNDƏ QADINLARIN CƏMİYYƏTDƏ ROLU MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİR

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş Katibliyi Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində “İslamda qadın: status və səlahiyyətlər” mövzusunda beynəlxalq konfrans keçirir.

Təşkilatın mətbuat açıqlamasında bildirilib ki, üçgünlük konfrans müsəlman qadınlarının tarix boyu və indiki uğurlarına həsr olunub. Tədbirdə zərif cinsin nümayəndələrinin İƏT-ə üzv dövlətlərinin inkişafına verdiyi töhfələr və İslam dinini qadın hüquqlarına maneə kimi göstərən mənfi təbliğata qarşı mübarizə məsələləri müzakirə olunur. Konfransın məqsədi İslam təlimlərinin həmişə qadınlara qarşı ədalətli olduğunu nümayiş etdirməkdir.

İƏT-in Baş katibi Hissein Brahim Taha və BMT Baş katibinin müavini Əminə Muhammed konfransın açılışındakı çıxışlarında bildiriblər ki, konfransın məqsədi İslam cəmiyyətlərində qadınların rolunu artıracaq hüquqi və siyasi islahatlar üçün əhatəli plan hazırlamaqdır. Tədbirdə, həmçinin bu məqsədə nail olmaq üçün əsas təşəbbüsləri və strategiyaları əks etdirən “İslamda Qadınlar üçün Ciddə Sənədi” adlı əhatəli sənədin qəbulu gözlənilir.

Konfransda nazirlər, rəsmi şəxslər, alimlər və mütəfəkkirlərin İslamda qadınların statusu və onların hüquqları ilə bağlı məruzələri təqdim edilir. Beş işçi sessiyadan ibarət olan tədbirdə müsəlman qadınların təhsildə və iş həyatında potensialını və müasir cəmiyyətlərdə daha fəal rolunu təmin edəcək təşəbbüslər də müzakirə edilir.

Konfrans iştirakçıları Əfqanıstanda qadınların vəziyyəti, habelə bəzi Avropa ölkələrində islamofobiya və “Qurani-Kərim”in təhqir edilməsi halları ilə mübarizə məsələlərinə də toxunublar. Onlar bu sahədə İƏT və BMT arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib, bu əlaqələri daha da gücləndirmək və məsləhətləşmələri intensivləşdirmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığı bu ilin martında Mavritaniya İslam Respublikasında keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 49-cu Sessiyası zamanı qadınların səlahiyyətlərinin artırılmasına həsr olunmuş beynəlxalq konfransın təşkili təşəbbüsü ilə çıxış edib.

Konfrans noyabrın 8-dək davam edəcək.