İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd Əl Osaymin 44 günlük müharibədə şanlı Qələbə və 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
İƏT Baş Katibliyinin bəyanatında təşkilatın rəhbərinin torpaqların azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini ehtiramla andığı qeyd olunub. Sənəddə bildirilib ki, təşkilat hər zaman Azərbaycanla Ermənistan arasında münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin tərəfdarı olub.
Bəyanatda deyilir: “Ermənistan Respublikasına Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq miqyasda tanınmış sərhədlərə hörmət edilməsi və hər hansı ərazi iddialarından əl çəkməsinə dair çağırışımızı təkrar edirik.
Baş katib Azərbaycan hökumətinin məcburi köçkün olan azərbaycanlıların postmünaqişə dövründə öz yurdlarına layiqincə qaytarılması istiqamətində apardığı bərpa və rekonstruksiya işlərini yüksək qiymətləndirib, həmçinin beynəlxalq ictimaiyyəti bu prosesə fəal dəstək verməyə çağırıb”.