
İslam Əməkdaşlıq Təşkilatı humanitar sahələrdə, o cümlədən mədəniyyət, elm, sosial məsələlər üzrə Azərbaycanla daha sıx əməkdaşlıq edəcək. Bu fikir təşkilatın Baş katibinin humanitar, mədəni və sosial sahələr üzrə müavini Tariq Əl Baxitin Bakıda keçirdiyi görüşlər zamanı ifadə edilib.
Təşkilatın Baş Katibliyi xəbər verir ki, Tariq Əl Baxitin başçılıq etdiyi İƏT nümayəndə heyətinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və Azərbaycan İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev ilə keçirdiyi görüşlərdə ölkəmizin uyğun hökumət strukturlarının qadın və uşaqların problemlərinin həlli, mədəniyyət və gənclər sahələrində müxtəlif birgə layihələrin həyata keçirilməsi, İslam ölkələrinin idman yarışlarının təşkilində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İƏT Baş katibinin müavini qeyd edib ki, İslam dünyasının ən dinamik inkişaf edən ölkələrindən biri olan Azərbaycanın növbəti ildə BMT-nin COP29 iqlim sammitini də uğurla keçirəcəyinə əmindir.