İƏT BAŞ KATİBİ AZƏRBAYCANIN TƏŞKİLATIN FƏALİYYƏTİNƏ TÖHFƏSİNİ YÜKSƏK QİYMƏTLƏNDİRİB

Mayın 16-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan əvvəl keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək, təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd edib. Xüsusilə də “İƏT Baxışı–2025” sənədinin və burada müəyyən edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də böyük önəm kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Bu ilin İƏT-də “Nəqliyyat – bağlantı ili” kimi qeyd edildiyi və bu xüsusda, Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib.

Baş katib Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla ev sahibliyi edəcəyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Baş katib, həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək, bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm də tranzit mərkəz kimi rolunu xüsusilə vurğulayıb.

Görüşdə tərəflər İƏT-in ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə fikir mübadiləsi aparıb, o cümlədən Azərbaycanın ev sahibliyi edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar. Yaxın günlərdə İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.