HULUSİ KILIÇ: AZƏRBAYCAN XALQI QAFQAZ İSLAM ORDUSUNUN TARİXİ XİLASKARLIQ MİSSİYASINI HƏR ZAMAN QAN YADDAŞINDA YAŞADIB

Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadaraq qəhrəman türk hərbçilərinə olan məhəbbətini daim uca tutub. Keçmiş Sovetlər birliyi dövründə bu tarixi unutdurmağa çalışsalar da Azərbaycan xalqı qardaşlığı və həqiqəti unutmadı. Məlum xilaskarlıq missiyası ortaq tariximizin və dəyərlərimizin təntənəsidir. Qafqaz İslam Ordusu Türkiyə- Azərbaycan qardaşlığının tarixi təməli və iki dövlət arasında tarixi həmrəylik nişanəsidir.

Bu fikirləri açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun ötən il qazandığı möhtəşəm Zəfərin dövlətçilik tariximizin ən şanlı səhifələri sırasında öndə dayandığını diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “44 günlük Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksəkdə olduğunun bütün dünyaya nümayişidir. Bu prosesdən 102 il öncə qəhrəman azərbaycanlılar nizami Qafqaz İslam Ordusunun birlikləri ilə çiyin-çiyinə öz yurdlarının müdafiəsinə qalxmışdılar. Bu tarixi unutdurmaqla Azərbaycanın dəyərlərini və genetik özəlliklərini heçə endirmək istəyirdilər. Lakin tarix hər şeyi yenidən öz nizami yoluna saldı”.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, dahi Atatürkün “Azərbaycanın sevinci sevincimiz kədəri kədərimizdir” ifadələrini xatırladan Hulusi Kılıç Azərbaycan-Türkiyə qardaşlığının əbədiyyətə işıq saldığını xoş ifadələrlə xarakterizə edib. “Bu dostluq xalqlarımızın sifarişi, zamanın hökmü, ortaq dəyərlərimizin təntənəsidir. Müstəqilliyimiz və azadlığımız yolunda canlarını fəda edən şəhidlərimizin ruhu şad olsun. Hər zaman başımızın üstündə yeri olan qazilərimiz tezliklə şəfa tapsınlar. Bakının qurtuluşunun və Vətən müharibəsinin başlamasının ildönümlərində hər birimizin başını dik tutaraq öyünməyə haqqı vardır. Eşq olsun Azərbaycan-Türkiyə birliyinə!”, – deyə sabiq səfir fikirlərini tamamlayıb.

O vurğulayıb ki, 15 sentyabr hər birimizin qəlbində Bakının qurtuluş günü kimi əbədiyyətə qədər tarix qazanıb.