
Amerikanın İranın nüvə obyektlərinə qarşı həyata keçirdiyi son hava zərbələri Yaxın Şərqdə gərginliyin yeni fazasını başlatdı. Tehran bu addımı ölkənin suverenliyinə qarşı birbaşa təcavüz kimi qiymətləndirərək strateji və qlobal əhəmiyyət daşıyan Hörmüz boğazını bağladığını elan etdi. Əgər İran sözünün üstündə axıra qədər dursa o zaman bu hadisə təkcə regional deyil, həm də beynəlxalq münasibətlər sistemində və enerji bazarlarında ciddi silkələnməyə səbəb olacaq. Çünki Hörmüz boğazı dünya enerji təhlükəsizliyi baxımından ən kritik dəniz yoludur. Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Küveyt, İraq və İranın hasil etdiyi xam neftin böyük hissəsi bu boğaz vasitəsilə dünya bazarına çıxarılır. Statistikalara görə, dünya neft tədarükünün təxminən 20 faizi bu boğazdan keçir, burada gündəlik 17-20 milyon barrel neft ötürülür. Boğazın genişliyi bəzi yerlərdə cəmi 39 kilometrdir və burada dəniz nəqliyyatı üçün iki, biri gediş, digəri dönüş üçün olmaqla 3 kilometrlik dəhliz mövcuddur. Bu məhdud marşrut hərbi-strateji baxımdan da çox həssas və nəzarətə açıq sahədir.
Qeyd edək ki, İranın bu qədər önəmli bir boğazı bağlaması ilk hadisə deyil. 1980-1988-ci illər İran-İraq müharibəsi dövründə hər iki ölkə qarşılıqlı olaraq bir-birinin tankerlərini hədəf aldığından bu dövr tarixə həm də “tanker müharibəsi” kimi düşüb. O dövrdə Hörmüz boğazı birbaşa bağlanmasa da, ciddi təhlükə altında idi və dünya bazarlarında neftin qiymətinin dalğalanmasına səbəb olurdu. 2011-2012-ci illərdə ABŞ və Avropa İttifaqı İranın nüvə proqramı ilə bağlı sanksiyaları sərtləşdirəndə İran yenidən boğazı bağlamaqla hədələmişdi. Bu ritorika belə neft bazarlarında qiymət artımına səbəb olmuşdu. 2019-cu ildə baş verən ABŞ-İran gərginliyi fonunda boğazda neft tankerlərinə hücumlar və Britaniyaya məxsus tankerə İran tərəfindən müsadirə olunması hadisəsi baş vermişdi. Yəni boğazın bağlanması real və ya simvolik səviyyədə hər dəfə qlobal enerji və təhlükəsizlik balansını dəyişir. Bu dəfəki elan isə ABŞ-nin İranın nüvə obyektlərinə birbaşa zərbələr endirilməsinin ardınca baş verdiyindən əvvəlki ritorik təhdidlərdən fərqli olaraq praktik və təsiredici nəticələr doğura bilər. İranın hərbi rəhbərliyi əvvəllər dəfələrlə bəyan etmişdi ki, əgər ölkənin təhlükəsizliyi təhdid olunarsa və ya neft satışına embarqo qoyularsa Tehranın cavab addımlarından biri məhz Hörmüz boğazını bağlamaq olacaq. Bu addım artıq real nəticələr doğurmağa başlayıb. Boğazın bağlanması xəbəri yayılandan dərhal sonra dünya birjalarında neftin qiymətində artım müşahidə olunmağa başlayıb. Bu artımın davam etməsi enerji idxal edən ölkələr üçün ciddi iqtisadi təzyiqlər yarada bilər. Xüsusilə də Avropa ölkələri, Yaponiya və Hindistan kimi İran körfəzi neftindən asılı ölkələr bu vəziyyətdən əziyyət çəkəcəklər. Eyni zamanda, neftin qiymətindəki artım qlobal inflyasiya təzyiqlərini artıracaq, nəqliyyat, kənd təsərrüfatı və sənaye sektorlarında xərclərin yüksəlməsinə səbəb olacaq.
ABŞ-nin hava zərbələrinə qarşı bu cavab İranın strateji olaraq yalnız müdafiədə qalmayacağını, həm də hücum imkanlarını dəniz nəqliyyatına yönəldə biləcəyini göstərir. Bu, müharibənin artıq yalnız hərbi obyektlər və infrastrukturlar deyil, həm də iqtisadi və logistik kanallar ətrafında gedəcəyinə dəlalət edir. Bu hadisə müharibəni daha da dərinləşdirəcək. İlk növbədə ABŞ və müttəfiqlərinin bölgədə hərbi mövcudluğunu artıracaq. Çin və Hindistan kimi İran neftinin əsas alıcıları öz maraqlarını qorumaq üçün diplomatik səylərini gücləndirəcək. Rusiya isə çox güman ki, bu gedişi Qərbə qarşı iqtisadi basqının artması kimi dəyərləndirib İranın tərəfini tutacaq. Bir sözlə, İranın Hörmüz boğazını bağlaması ilə enerji təhlükəsizliyi, dəniz yollarının hərbiləşməsi və Yaxın Şərqdə yeni müharibə dinamikası formalaşacaq. Hörmüz boğazının bağlanması qlobal gücləri və bazarları uzunmüddətli qeyri-müəyyənliyə sürükləyəcək.
MTM Analitik Qrup