HORADİZ-CƏBRAYIL-ZƏNGİLAN-AĞBƏND AVTOMOBİL YOLUNUN TİKİNTİSİ DAVAM ETDİRİLİR

Aprelin 26-da Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlətimizin başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə düşərgənin inşası artıq yekunlaşıb. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulub.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.