Niderland Krallığında fəaliyyət göstərən Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi ölkəmizin sülh səylərinin dəstəklənməsi və Cənubi Qafqaz regionunda yaranmış mövcud durumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, dərnəyin adından Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatda bildirilib ki, soydaşlarımız Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində regionda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirdiklərini qeyd ediblər.
Bəyanatda 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığına diqqət cəlb edilib. 30 il ərzində Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini xarabalığa çevirdiyi, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar bir daha sadalanıb.
Hollanda-Azərbaycan Türk Kültür Dərnəyi beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa çağırıb. İşğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən və çoxmilyardlı sərmayələr yatıran sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə dəvət edib.