HİNDİSTANDA TORPAQ SÜRÜŞMƏSİ NƏTİCƏSİNDƏ HƏLAK OLANLARIN SAYI 73-Ə ÇATIB

Hindistanın Kerala ştatında torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 73-ə çatıb.

Bu barədə Hindistan mediası məlumat yayıb. Bildirilib ki, Vayanadda axtarış-xilasetmə işlərini Hindistanın Milli Fəlakətlərin İdarə Edilməsi Qüvvələrinin nümayəndələri, yanğınsöndürənlər və polis əməkdaşları həyata keçirirlər.

Ümumilikdə 100-ə yaxın insan xilas edilib.

Qeyd edək ki, torpaq sürüşməsi Kerala əyalətinin şimal-şərqindəki dağlıq ərazilərdə baş verib. Yüzlərlə insanın dağıntılar altında qaldığı ehtimal olunur. Bu səbəbdən həlak olan və yaralananların sayının arta biləcəyi istisna edilmir.

Hindistanın Baş naziri Narendra Modi həlak olanların ailələrinə başsağlığı verib və pul təzminatını açıqlayıb. Həyatını itirənlərin yaxınlarına 200 min hind rupisi (təxminən 2,4 min dollar), yaralılara isə 50 min rupi (təxminən 600 dollar) veriləcək.