HİNDİSTAN MƏHKƏMƏSİ CAMMU VƏ KƏŞMİRİN XÜSUSİ STATUSUNUN LƏĞVİNİ TƏSDİQLƏYİB

Hindistan parlamentinin 2019-cu ildə Cammu və Kəşmirin xüsusi statusunun ləğvi ilə bağlı qərarı ölkə konstitusiyasına uyğun həyata keçirilib.

Bunu Hindistan Ali Məhkəməsinin sədri Dhanancayya Yeşvant Çandraçud deyib.

“Cammu və Kəşmirin digər ştatların istifadə etdiyi səlahiyyət və hüquqlardan fərqli heç bir daxili suverenliyi yoxdur. 370-ci maddə suverenliyinin deyil, asimmetrik federalizm sisteminin bir hissəsi idi”, – deyə hakim ali məhkəmənin qərarını oxuyarkən bildirib.

Ali məhkəmə, həmçinin konstitusiyanın Cammu və Kəşmirə xüsusi status verən maddəsinin müvəqqəti xarakter daşıdığı ilə bağlı arqumentləri doğru hesab edib.

Qeyd edək ki, 2019-cu ildə Cammu və Kəşmirin muxtariyyətinin ləğvi Pakistanla Hindistan arasında münasibətlərinin gərginləşməsinə səbəb olub. Ali Məhkəmənin qərarı elan edildikdən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.