HİNDİSTAN ERMƏNİSTAN VƏ YUNANISTANI SİLAHLANDIRMAQLA BU ÖLKƏLƏRİ FƏLAKƏTƏ SÜRÜKLƏYİR

Hindistan hakimiyyətinin yanlış geosiyasi addımları bu ölkənin beynəlxalq miqyasda mövqeyinə ciddi zərər vurmaqla yanaşı, onun Azərbaycan, Türkiyə, Pakistan kimi ölkələrlə münasibətlərinin daha da gərginləşməsinə gətriib çıxarır. Məsələ burasındadır ki, Hindistan adları çəkilən bu ölkələrlə münasibətlərini qarşılıqlı maraqlara cavab verən şəkildə inkişaf etdirmək əvəzinə tamam əks mövqe sərgiləyir. Bu kontekstdə rəsmi Nyu-Dehli həm özü militarist siyasətə, həm də ölkələrimizə qarşı düşmən mövqeyi sərgiləyən dövlətlərin silahlanmasına xüsusi diqqət edir, qeyd edilən istiqamətdə fəaliyyətini genişləndirir.

Sözügedən kontekstdə “jetlinemarvel.net” portalı belə bir məlumat yayıb ki, Ermənistan Hindistandan Su-30MKI qırıcılarını almaq arzusundadır. Hindistanın buna müsbət cavab verəcəyi gözlənilir və iki ölkə arasındakı əvvəlki hərbi əməkdaşlıq da bu qənaəti gücləndirir. Portal yazır ki, Azərbaycanın Pakistandan döyüş təyyarələri almasına və  hava gücünü artırmasına cavab olaraq, Ermənistan Hindistanın Su-30MKI qırıcılarını alternativ kimi nəzərdən keçirir. Portala danışan 

mənbənin sözlərinə görə, Ermənistan Azərbaycanın artan hava gücünə cavab olaraq öz hərbi strategiyasını yenidən nəzərdən keçirir. Bildirilir ki, Azərbaycanın Pakistanla 4,6 milyard dollarlıq qırıcı təyyarə müqaviləsi Ermənistanda ciddi təşviş yaradıb. Həmin müqavilə çərçivəsində Bakı 40 ədəd yeni nəsil “JF-17 Thunder Block III” təyyarəsini qəbul etməyə hazırlaşır. Bu fonda İrəvan Nyu-Dehliyə üz tutur, Hindistanın Su-30MKI döyüş təyyarələrini almaq istəyir.

Portal onu da xatırladır ki, Ermənistan bu yaxınlarda Hindistanın “Akash” hava hücumundan müdafiə sisteminin ilk xarici alıcısı olub və bu, ikitərəfli müdafiə əlaqələrində mühüm mərhələyə çevrilib. Qeyd edilir ki, İrəvan indi Hindistan istehsalı olan Su-30MKI döyüş təyyarələrinin alınması üçün yüksək səviyyəli danışıqlara başlamaqla tərəfdaşlığı dərinləşdirməyə çalışır. Hindistan və Rusiya tərəfindən birgə hazırlanmış layihə əsasında “Hindustan Aeronautics Limited” tərəfindən yerli istehsal edilən Su-30MKI manevr qabiliyyəti və yerli silahlarla inteqrasiyası baxımından seçilir. Lakin bu təyayrələr də ötən ay Pakistan və Hindistan arasında gedən döyüşlərdə özünü doğrula bilməyib. Pakistan ordusu əməliyyatlar zamanı həmin təyyarələrdən birini vurub. Qeyd edilməlidir ki, eyni hal Hindistan ordusunun arsenalında olan Fransanın “Rafale” qırıcılarına da aiddir. Hindistan son illərdə Fransadan onlarla “Rafale” satın alaraq həmin təyyarələri istehsal edən “Dassault Aviation” şirkətinin əsas müştərilərindən biri olub. Amma məlum döyüşlərdə Pakistan Sihahlı Qüvvələri üç ədəd “Rafale” qırıcısını vurub. Hindistanın Pakistanla toqquşma zamanı üç “Rafale” itirməsi onun müdafiə sahəsində Fransadan üz döndərməsinə səbəb gətirib çıxarıb.

Hindistanın Azərbaycan, Türkiyə, Pakistan kimi ölkələrin əleyhinə yönələn siyasətinə gəlincə, Nyu-Dehli Yunanıstanı da silahlandırmağa xüsusi diqqət etməyə başlayıb. Bununla bağlı Hindistanın “Zee News India” nəşri yazır ki, Türkiyə Nyu-Dehlinin Yunanıstanı açıq şəkildə dəstəkləməsindən narahatdır. Xüsusən də tərəflərin hərbi sferada əlaqələrini dərinləşdirməsi  Yunanıstanın Türkiyəyə qarşı aqressivliyini artırır. Yunanıstanın “Ekathimerini” qəzeti bu yaxınlarda Hindistanın Yunanıstana böyük investisiyalar yatırdığını, bunun müdafiə sektorunu da əhatə etdiyini bildirib. Qeyd edilən kontekstdə Hindistanın  “Hellenic Aerospace Industry” və “Hellenic Defense Systems” hərbi şirkətlərinə investisiya qoyması ilə bağlı məlumatlar Türkiyəni daha çox narahat edir. Hindistan “Akash” və T-4 hava hücumundan müdafiə sistemlərini də Yunanıstana tədarük etmək niyyətindədir.   “Zee News India” yazır ki, Hindistanın Türkiyənin digər rəqibləri olan yunan Kipri və Ermənistanla da güclü əlaqələri var.

Hindistanın Yunanıstan və ermənistana verə biləcəyi daha bir silah “BrahMos” raketidir. Onların istehsalını Hindistan sürətlə artırır. “Zee News India” vurğulayır ki, Hindistanın bu silahlardan müttəfiqləri vasitəsilə Türkiyə və Çinə qarşı çıxmaq üçün istifadə edəcəyi gözlənilir. Perspektivdə həmin raketlərin Ermənistana tədarükü də istisna olunmur. Elə indinin özündə də Hindistanın Ermənistana silah tədarükü çoxşaxəlidir. SIPRI institutunun  məlumatlarına əsasən, 2022–2024-cü illər ərzində Ermənistanın idxal etdiyi silahların 43 faizi Hindistandan olub. Bu, əvvəllər demək olar ki, silah məsələsində Rusiyadan asılı olan Ermənistan üçün ciddi dönüşdür. İndiyə kimi Hindistanın Ermənistana ötürdüyü əsas tədarük texnikalar sırasına  “Pinaka” raket sistemləri daxildir.  Ermənistanın Hindistandan batareya atəşini aşkarlayan “Swathi” sistemlərini də tədarük edib.  “Akash” hava hücumundan müdafiə kompleksi, “ATAGS” haubitsaları, “MArG 1552” özüyeriyən haubitsalar da Hindistandan Ermənistana ötürülüb. Ermənistanı silahlandırmaqla Hindistan Cənubi Qafqazda  gərginliyin davam etməsində maraqlı tərəf kimi çıxış edir. 

Hələ iki il öncə  Hindistanın ölkəmizə təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən president İlham Əliyev  Hindistanın Ermənistana hərbi yardımından bəhs edərək, sürətlə silahlanmanın yeni təhlükələr yaratdığını vurğulayıb: “Ermənistanın sürətlə silahlanma­sı yeni təhlükələr yaradır. Əgər doğru­dan da Ermənistan Azərbaycanla sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır?”. Azərbaycan Prezidenti qeyd edib ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər. Bunlar fonunda   Azərbaycan təbii olaraq Ermənistanın silah sövdələşmələrini diqqətlə izləyir və buna uyğun addımlar atır. Hindistanın Ermənistan silahlandırması sonuncunu regionda sülhdən uzaqlaşdırır və bu da nəticədə erməni tərəfi üçün daha böyük problemlər yaradır.

MTM Analitik Qrup