HİNDİSTAN ƏNGƏLİ ERMƏNİSTANA BAHA BAŞA GƏLDİ

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) budəfəki sammitində baş verən hadisələr Cənubi Qafqazla Cənubi Asiya regionları arasındakı mürəkkəb güc balansını bir daha üzə çıxardı. Hindistanın Azərbaycanın üzvlük müraciətini yenidən əngəlləməsinə cavab olaraq Pakistanın Ermənistanın təşkilata üzvlüyünü bloklaması bu qurumun artıq regional deyil, həm də qlobal geosiyasi rəqabət meydanına çevrildiyini göstərdi.

Tarixə nəzər salsaq görərik ki, Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımayan ölkələrdən olub. Bunun əsas səbəbi Qarabağ münaqişəsində İslamabadın Azərbaycanın yanında mövqe tutması idi. Ancaq son aylarda regionda dəyişən reallıqlar fonunda, xüsusən də Qarabağ münaqişəsinin həllindən sonra Ermənistan diplomatik manevrlərə başlayıb. Bu istiqamətdə ən mühüm addım İrəvan və İslamabad arasında ilk rəsmi telefon danışığı və diplomatik münasibətlərin qurulması barədə razılığın əldə olunmasıdır. Lakin Pakistan rəhbərliyi bu yaxınlaşmanı balanslaşdırmaq və Hindistanın Azərbaycana qarşı hərəkətlərinə cavab olaraq Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklamaq qərarı verdi. Bu addımla Pakistan Azərbaycanın regional mövqeyini zəiflədə biləcək hər hansı təşəbbüsü dəstəkləməyəcəyini göstərir. Digər tərəfdən İslamabad nümayiş etdirir ki, Ermənistanla diplomatik münasibətlərin qurulması Bakının maraqlarına zidd istiqamətdə inkişaf edə bilməz.

Azərbaycanın ŞƏT-ə tamhüquqlu üzv olmaq istəyi Çinin dəstəyi ilə gündəmə gəlsə də, Hindistan artıq bir neçə dəfə Bakının müraciətini bloklayıb. Hindistanın bu mövqeyinin əsas səbəblərinə gəlincə, qeyd etməliyik ki, rəsmi Dehli Pakistanı regionda əsas rəqib kimi görür və Azərbaycanla Pakistanın hərbi-siyasi yaxınlığı onların ürəyincə deyil. Hindistanın Qərblə yaxınlaşdığı bir dövrdə Azərbaycanın Çinlə sıx əməkdaşlıq etməsi və “Bir Kəmər, Bir Yol” layihəsində aktiv rolu Dehlinin maraqlarına uyğun gəlmir. Lakin Çin Azərbaycanın ŞƏT-ə üzvlüyünü açıq şəkildə dəstəkləyir. Bunun səbəbi Azərbaycanın enerji resursları, Şərq-Qərb nəqliyyat dəhlizində oynadığı rol və Pekinin Cənubi Qafqazda nüfuzunu artırmaq istəyi ilə bağlıdır. Rusiya isə daha ehtiyatlı davranır. Moskva Azərbaycanın üzvlüyünü tam dəstəkləməsə də, əleyhinə də çıxmır. Çünki Kremlin əsas məqsədi ŞƏT daxilində balansı qorumaq və Hindistan-Pakistan rəqabətini öz xeyrinə yönəltməkdir.

İslamabadın Ermənistanın üzvlüyünü bloklamaq qərarı göstərir ki, Ermənistanın regiondakı hər bir diplomatik addımı Azərbaycan-Pakistan münasibətləri fonunda qiymətləndiriləcək. Görünən odur ki, Bakı ŞƏT-ə üzvlük məsələsində hələ uzun və çətin diplomatik proseslə üzləşəcək. Çin və Pakistan dəstəyi olsa da, Hindistanın əngəllərinin davam etmək ehtimalı çoxdur. Bu arada İrəvanın Pakistanla diplomatik yaxınlaşması hələ real nəticə deyil. İndiki halda İslamabadın bloklama qərarı Ermənistanın ŞƏT-ə üzvlük perspektivlərini dondurur. Bir sözlə, Pakistanın Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklaması və Hindistanın Azərbaycanın müraciətini əngəlləməsi göstərir ki, təşkilat region ölkələrinin maraq toqquşmalarının təzahür etdiyi mühüm platformaya çevrilib. Burada təkcə iqtisadi və təhlükəsizlik məsələləri deyil, həm də tarixi münaqişələr, diplomatik münasibətlər və qlobal güc balansı rol oynayır. Azərbaycan üçün bu, bir tərəfdən Çinin dəstəyi və Pakistanın həmrəyliyi fonunda yeni imkanlar yaratsa da, digər tərəfdən Hindistanın əngəlləri səbəbilə uzunmüddətli diplomatik mübarizəyə işarədir.

MTM Analitik Qrup