Mayın 26-da Heydər Əliyev Mərkəzində Azərbaycanın Əməkdar rəssamı Ağasaleh Nurinin “Nurlu sənət dünyası” adlı fərdi sərgisi açılacaq. Sərgidə müəllifin vitraj üslubunda əsərləri, rəsm əsərləri və eskizləri nümayiş olunacaq.
Qədimdən vitraj əsərləri öz gözəlliyi və incəliyi ilə insanları daim düşündürmüş və heyran etmişdir. Əsrlər keçməsinə baxmayaraq dekorativ-tətbiqi sənətin bu unikal növü müasir dövrdə də maraq və diqqət mərkəzindədir.
Ağasaleh Nuri öz üslubu, dəst-xətti ilə qədim vitraj sənətinə tamamilə yeni təmayül gətirib. Ornamental istiqamətə üstünlük verən Ağasaleh Nuri Şərq ənənələrinə xas olan əsərlərini yeni, müasir səviyyədə yaradır. Şüşə və şüşənin istehsalı prosesində yeni müasir üsulların sintezindən istifadə edən rəssamın ornamentlər üçün seçdiyi mavi, firuzəyi və sarı rənglər, xalça prinsipinə uyğun hazırladığı vitrajlar xüsusi ovqat, əmin-amanlıq və rahatlıq hissi oyadır.
Bakı metropoliteninin “İnşaatçılar” stansiyası üçün layihələndirdiyi “Musiqiçilər” adlı diplom işi kimi uğurlu başlanğıcdan sonra Ağasaleh Nuri Azərbaycanın incəsənət həyatında fəal iştirak edərək bir sıra ictimai, dövlət və özəl binalar üçün vitraj əsərləri yaradıb. Onun əsərlərini Azərbaycan Rəssamlar İttifaqı, AMEA-nın Əlyazmalar İnstitutu, Səməd Vurğunun ev muzeyi, Bibiheybət məscidi, Bakı şəhərindəki alman lüteran kilsəsi və digər görkəmli binalarda görmək olar.
Heydər Əliyev Mərkəzində açılacaq “Nurlu sənət dünyası” sərgisi avqustun 28-dək davam edəcək.