Çinin Yünnan vilayətinin ucqar Malipo qəsəbəsində çoxları Azərbaycanı yaxşı tanıyır. Bu da təsadüfi deyil. Çünki Malipodakı 2 nömrəli ibtidai məktəbdə Azərbaycanı xatırladan və tanıdan nişanə var.
Malipo Çinin cənubunda, Vyetnamla sərhəddə yerləşir. 300 minə yaxın əhalisi olan bu qəsəbə dağların və hər tərəfdən yamyaşıl meşələrin əhatəsindədir. Çin Hökuməti ölkənin bu cür ucqar yaşayış məntəqələrində yoxsulluğun azaldılması proqramı çərçivəsində təhsil ocaqlarının inşası və yenidənqurulması ilə bağlı bir çox layihələr həyata keçirir. Bu cür təhsil ocaqlarından biri də ölkənin ən kasıb yaşayış məntəqlərindən olan Malipodakı 2 nömrəli ibtidai məktəbdir. Məktəb 1984-cü ildən fəaliyyət göstərir. 1700-ə yaxın şagirdin təhsil aldığı məktəbin idman meydançasının yenidən qurulmasına ciddi ehtiyac yaranmışdı.
Fəaliyyətində uşaqların təhsilli və sağlam böyüməsini hər zaman diqqətdə saxlayan Heydər Əliyev Fondu nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda bir sıra humanitar layihələrin gerçəkləşməsinə dəstək verir. Malipodakı məktəbin idman meydançasının yenidən qurulması da məhz belə layihələrdəndir.
Heydər Əliyev Fondu Malipodakı 2 nömrəli məktəbin idman meydançasının yenidən qurulması layihəsinə dəstək göstərib. Layihə çərçivəsində yenidən qurulan stadion futbol, açıq və qapalı basketbol meydançalarından, qaçış zolağından ibarətdir. Rəmzi olaraq “Azərbaycan-Çin dostluq stadionu” adlandırılan bu stadionda uşaqların idmanla məşğul olması üçün zəruri şərait yaradılıb.