HEYDƏR ƏLİYEV FONDUNUN DƏSTƏYİ İLƏ “MUĞAM” TELEVİZİYA MÜSABİQƏSİ BAŞLAYIB

Heydər Əliyev Fondunun dəstəyi ilə IX “Muğam” Televiziya Müsabiqəsinə start verilib.

Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak edir.

“Muğam” Televiziya Müsabiqəsi Fondun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.

Builki müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir. Müsabiqənin final konserti və qaliblərin mükafatlandırılması avqust ayında olacaq.