Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu baxımdan mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
Sentyabrın 16-da Bakının Xəzər rayonunun Zirə qəsəbəsinin Qışlaq yaşayış sahəsində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş 2 saylı uşaq bağçasının açılışı olub. Tədbirdə Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
Uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən zəruri mebel və avadanlıqlarla təchiz edilib.
Uşaq bağçasının direktoru İlahə Rəsulova məlumat verib ki, Heydər Əliyev Fondu tərəfindən 60 yerlik uşaq bağçasının inşasına 2019-cu ilin dekabrında başlanılıb, tikinti işləri 2020-ci ilin iyul ayında yekunlaşıb. Bir mərtəbədən ibarət bağçanın ümumi ərazisi 0.0894 hektardır. Bağçanın ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, bina daimi su, elektrik və istilik sistemləri ilə təmin edilib.
Bildirilib ki, uşaq bağçasının binası 2 qrup otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Məşğələ və yataq otaqları hər cür avadanlıq və ləvazimatlarla təmin edilib. Pandemiya ilə əlaqədar olaraq bağçada bütün gigiyenik qaydalara ciddi riayət olunur.
Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, işıqlandırma sistemləri quraşdırılıb. Bağça ətrafı yollar abadlaşdırılıb.
Xəzər rayonunun Binə qəsəbəsindəki körpələr evi-uşaq
bağçası da ən müasir standartlar səviyyəsində qurulub
Sentyabrın 16-da Heydər Əliyev Fondu tərəfindən Xəzər rayonunun Binə qəsəbəsində inşa olunmuş 218 saylı körpələr evi-uşaq bağçasının da açılışı olub.
Heydər Əliyev Fondunun, Xəzər Rayon İcra Hakimiyyətinin, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə körpələr evi-uşaq bağçasının direktoru Ülviyyə Quliyeva məlumat verib ki, ikimərtəbəli binanın məşğələ və yataq otaqları zəruri mebel və avadanlıqlarla təchiz olunub.
Qeyd edilib ki, 80 yerlik uşaq bağçasının binası 4 qrup otağından ibarətdir. Ərazidə oyun meydançası da var. Bağçanın həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, əraziyə daş örtüyü döşənib, dekorativ və kol ağacları əkilib, işıqlandırma sistemləri quraşdırılıb. Bağça kənarı yollara asfalt örtüyü salınıb.