HEYDƏR ƏLİYEV FONDU SİVİLİZASİYALAR VƏ MƏDƏNİYYƏRLƏRARASI DİALOQA YENİ BÖYÜK TÖHFƏLƏR VERİR

Müasir beynəlxalq münasibətlər sistemində hadisələri inkişaf axarının getdikcə mürəkkəbləşməkdə, ziddiyyət və qarşıdurmaların miqyası daha da genişləşməkdədir. Bu kontekstdə humanitar fəaliyyət və aksiyalara bəşəriyyətin ehtiyacı əvvəlkilərdən daha çoxdur.   Nəzərə alınmalıdır ki, humanitar fəaliyyət və diplomatiya yalnız yardımlarla məhdudlaşmır, o, həm də mədəniyyətlərarası dialoqun, qarşılıqlı hörmətin və sülhün möhkəmlənməsi üçün vacib vasitədir. Azərbaycan bu istiqamətdə də fəal və ardıcıl siyasət yürüdərək beynəlxalq humanitar proseslərin mühüm iştirakçılarından birinə çevrilib. Ölkəmizin sözügedən istiqamətdə fəaliyyəti artıq dünya miqyasında uğurlu bir modelin yaranmasına gətirib çıxarıb.  

Birmənalı həqiqətdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə təkcə regionda deyil, qlobal miqyasda da humanitar təşəbbüslərin mərkəzinə çevrilib. Bakı şəhəri artıq bir çox beynəlxalq humanitar forumlara ev sahibliyi edib, burada qəbul olunan qərarlar müxtəlif sivilizasiyaların nümayəndələri arasında dialoqun dərinləşməsinə xidmət edir. Eyni zamanda Azərbaycanın humanitar və mədəni diplomatiyasının ən parlaq nümunələrindən biri Heydər Əliyev Fondunun dünya miqyasında həyata keçirdiyi layihələrdir. Fondun fəaliyyəti təkcə ölkə daxilində deyil, həm də beynəlxalq səviyyədə mədəni irsin, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin təbliği ilə seçilir. Bu istiqamətdə xüsusi qeyd edilməli olan layihələrdən biri də Fondun Vatikanda həyata keçirilən genişmiqyaslı bərpa işlərinə verdiyi fəal dəstəkdir. Bu təşəbbüs, Azərbaycanı sivilizasiyalararası dialoqun və mədəni müxtəlifliyin qorunmasının fəal iştirakçısına çevirən mühüm addım kimi dəyərləndirilir.

Xatırlatmaq lazım gəlir ki, Heydər Əliyev Fondunun və Azərbaycandakı dini icmaların təmsilçilərinin Vatikana səfəri zamanı 2021-ci il martın 4-də Fond və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyası arasında XVIII əsrdə aşkar olunan Kommodilla katakombalarının bərpası ilə bağlı müqavilə imzalanıb. Ötən əsrin 50-ci illərində bu ərazidə yaşayış binalarının tikintisi katakombanın statikasına mənfi təsir göstərib. Heydər Əliyev Fondunun göstərdiyi dəstək katakombanın böyük arxeoloji dəyərə malik olan bu hissəsini uçmaq təhlükəsindən qoruyub. Bərpa prosesi zamanı ekoloji cəhətdən təmiz materialların istifadəsi də daxil olmaqla, müasir metod və texnologiyalar tətbiq edilib. Görülən işlər dünya miqyasında olduqca yüksək qiymətləndirilir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri çərçivəsində  Müqəddəs Kommodilla katakombalarının bərpası layihəsinin açılış mərasimində iştirak edib və həyata keçirilmiş bərpa işləri ilə tanış olublar. Vatikanın Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Monsenyor Paskuale Yakobone  Kommodilla katakombalarının açılışında iştirakına görə Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü ifadə edib. Bu layihə həyata keçirilməzdən əvvəl Azərbaycan tərəfi ilə iki digər mühüm layihənin icra olunduğunu vurğulayan Komissiyanın prezidenti Müqəddəs Marçelino və Pietro, həmçinin Müqəddəs Sebastian katakombalarının bərpasına Heydər Əliyev Fondunun səyləri nəticəsində nail olduqlarını vurğulayıb: “Heydər Əliyev Fondunun dəstəyi ilə bir tərəfdən mürəkkəb, lakin digər tərəfdən bizi çox ilhamlandıran, böyük enerji verən bərpa işlərini birgə həyata keçirdik”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva son 14 ildə Vatikana altıncı dəfə səfər etdiyini vurğulayaraq qeyd edib: “Mən çox şadam ki, biz bu illər ərzində çox gözəl əməkdaşlıq yaratmışıq. Buraya hər gəlişimizdə bizim dostlarımızın sayı artır”. Azərbaycanın əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə sülh, qarşılıqlı hörmət, tolerantlıq və harmoniya şəraitində yaşayan bir məkan olduğunu vurğulayan Mehriban Əliyeva deyib: “Bu gün bu prinsiplər həm bizim dövlət siyasətimizin əsasıdır, həm də həyat tərzimizdir. Əminəm ki, bugünkü mürəkkəb dünyada dövlətlərimiz arasında genişlənən əməkdaşlıq, dostluq əlaqələri bir nümunədir… Heydər Əliyev Fondu olaraq gələcəkdə əməkdaşlığımızı davam etdirməyə maraqlıyıq və hazırıq. İnanıram ki, bu fəaliyyət davamlı olacaq. Sonda katolik dünyası üçün böyük mənəvi dəyərlər daşıyan “Yubiley İli” münasibətilə hər birinizi təbrik edirəm”.

Bununla yanaşı, Birinci vitse-prezident Mehriban Əliyeva Vatikanda Müqəddəs Pavel Bazilikasının baş keşişi kardinal Ceyms Harvinin müşayiəti ilə bazilikada Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və tikinti işləri ilə tanış olub. Xatırlatmaq lazım gəlir ki, 2024-cü il sentyabrın 11-də 25 ildən bir təşkil olunan və Müqəddəs Taxt-Tac tərəfindən qeyd edilən “Yubiley İli” çərçivəsində Vatikan Şəhər Dövlətinin Qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasının mərmər örtüklərinin və dekorativ elementlərinin təhlükəsizliyinin təmin olunmasını və təmirini nəzərdə tutan sənəd imzalanıb. Bu kontekstdə bazilikada yüksək səviyyədə bərpa və tikinti işlərinin görülməsi təkcə din xadimləri arasında yox, bütün dünyada böyük məmnuniyyətlə qarşılanır.

Daha bir mühüm məqam ondan ibarətdir ki, Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında əmkdaşlıq daha geniş çərçivəni əhatə edir. Bunu cari ilin sentyabrın 10-da Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Müqəddəs Taxt-Tacın “Bambino Gesu” pediatrik xəstəxanası arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması kontekstində də görmək mümkündür. Qeyd olunmalıdır ki, Birinci vitse-prezidenti Mehriban Əliyeva səfəri çərçivəsində  Roma şəhərində yerləşən, Müqəddəs Taxt-Tacın ekstraterritorial ərazisi hesab olunan “Bambino Gesu” xəstəxanasında olub. Ölkəmizlə sözügedən xəstəxana arasında qurulan əməkdaşlıq nadir xəstəliklər, molekulyar genetika, klinik diaqnostika və digər müvafiq sahələrin Azərbaycanda inkişafına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq azərbaycanlı alim və tədqiqatçılara qabaqcıl elmi yanaşmalara yiyələnmək və müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalarda araşdırmalar aparmaq imkanı yaradacaq.

Bütün bunlar bir daha Heydər Əliyev Fondunun humanitar fəaliyyətinin ölkəmiz və ümumən qlobal miqyasda nə dərəcədə müstəsna əhəmiyyətə malik olduğunu açıq şəkildə meydana qoyur. Bir daha xüsusi vurğulanmalıdır ki, Fondun, onun rəhbərinin fəaliyyəti ölkəmizdən başqa dünyanın da müxtəlif bölgələrində həyata keçirilən  sosial,  mədəni layihələrlə, humanitar aksiyalarla daim diqqət mərkəzində yer alır. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Afrika, Asiya və Avropa ölkələrində məktəblər, xəstəxanalar, uşaq evləri və mədəniyyət mərkəzləri inşa və bərpa edilib. Bundan başqa, təbii fəlakətlər və münaqişələr nəticəsində zərər çəkmiş ərazilərə yardım göndərilməsi, qaçqın və məcburi köçkünlərə dəstək layihələri həyata keçirilib. Heydər Əliyev Fondunun Vatikanda, Fransada, Rusiyada, Pakistanda, İndoneziyada həyata keçirdiyi bərpa və yardımla bağlı layihələr Azərbaycanın humanitar diplomatiyasına qlobal miqyasda böyük maraq yaradır.  Fondun Vatikanda həyata keçirilən genişmiqyaslı bərpa işlərinə verdiyi töhfələr bunun sadəcə, növbəti nümunələrindən biridir.

Ümumiyyətlə, faktdır ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi

altında Heydər Əliyev Fondu mədəni irsin qorunması və bərpası sahəsində də dünya miqyasında böyük nüfuz qazanıb. Azərbaycanın yanaşması bundan ibarətdir ki, mədəni irsin qorunması insanlığın ortaq borcudur və bu prosesdə din, dil, millət fərqi yoxdur. Fondun Vatikanda həyata keçirdiyi layihələr məhz bu prinsiplərə əsaslanır.  Qeyd edilənlər fonunda İtaliyanın ən nüfuzlu mətbu orqanlarından biri hesab edilən  “il Messaggero” qəzetinin  “Gizli Roma, Azərbaycanın xeyriyyəçilik fəaliyyəti sayəsində Kommodilla katakombalarının freskaları yenidən canlandırılır” sərlövhəli məqaləsində də Roma katakombalarının daha bir mühüm nümunəsinin Vatikanla uzunmüddətli əməkdaşlıq sayəsində keçmişdə digər əsas bərpa işlərini maliyyələşdirən Heydər Əliyev Fondunun xeyriyyəçilik dəstəyi sayəsində xilas edildiyi və yenidən üzə çıxarıldığı diqqətə çatdırılır. Bunun dünya mədəni irsi üçün də müstəsna əhəmiyyət daşıdğı vurğlanır.

Təbii ki, qeyd olunanlar Azərbaycanın mədəniyyətlərarası əməkdaşlıq və dialoqa daha bir mühüm töhfəsi kimi qəbul edilir. Sözügedən kontekstdə Heydər Əliyev Fondunun fəaliyyəti isə ümumən Azərbaycanın mədəni irsin qorunması sahəsində də dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasına yeni təkan verir.

MTM Analitik Qrup