ekabrın 3-də Heydər Əliyev Fondu ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında növbəti Anlaşma Memorandumu imzalanıb.
Memorandum 2025-ci ilin sonunadək Azərbaycanda uşaqların erkən uşaqlıq dövründə inkişafı, inklüziv təhsil, yeniyetmə və gənclərin inkişafı sahəsində müxtəlif layihələrin həyata keçirilməsini nəzərdə tutur.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens ilə görüşdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun təhsil, səhiyyə, sosial və mədəniyyət, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası istiqamətindəki layihələri barədə məlumat verib. Bildirib ki, inklüziv cəmiyyətin qurulmasına töhfə verən Heydər Əliyev Fondunun dəstəyi ilə əlilliyi olan uşaqlardan ibarət rəqs qrupunun xarici ölkələrdə konsert proqramı ilə çıxışları təşkil ediləcək.
Görüşdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların sosial, səhiyyə və digər sahələr üzrə hüquqlarının qorunması, o cümlədən xüsusi qayğıya ehtiyacı olan və valideyn himayəsindən məhrum uşaqlara qayğı istiqamətindəki fəaliyyətinin əhəmiyyəti qeyd edilib.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Aleks Haykens Heydər Əliyev Fondu ilə həyata keçirilməkdə olan “Erkən Uşaqlıq Dövründə İnkişaf (EUDİ)“ layihəsi, eləcə də ətraf mühit və iqlim dəyişikliyi, yaşıl enerji mənbələri, bərpa olunan enerji sahələrindəki tədbirlər üzrə əməkdaşlığı qeyd edib. Aleks Haykens uşaq hüquqlarının qorunması üzrə “Uşaq Dost Mərkəzləri”nin, eləcə də işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə işlərinin müzakirəsi prosesinə uşaqların da cəlb edilməsinin səmərəli olacağını bildirib.
Görüşdə gələcəkdə inklüziv təhsil, əlillərin dəstəklənməsi və reabilitasiyası sahələrində Fondla birgə həyata keçiriləcək layihələr də müzakirə edilib.
Xatırladaq ki, BMT-nın Uşaq Fondu (UNICEF) ilə Heydər Əliyev Fondu arasında ilk Anlaşma Memorandumu 2019-cu ildə imzalanıb.