HEYDƏR ƏLİYEV FONDU ÇİNDƏ XÜSUSİ QAYĞIYA EHTİYACI OLAN UŞAQLAR ÜÇÜN XEYRİYYƏ TƏDBİRİ TƏŞKİL EDİB – FOTOLAR

Heydər Əliyev Fondu və Azərbaycanın Çindəki səfirliyi Pekin Uşaq Rifah İnstitutunda müalicə alan xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün xeyriyyə aksiyası keçirib.

Layihə çərçivəsində fiziki və zehni cəhətdən qüsurlu uşaqların tədrisinə dəstək məqsədilə süni intellekt əsasında hazırlanmış xüsusi tədris avadanlıqları hədiyə olunub.

Tədbirdə Heydər Əliyev Fondunun öz fəaliyyətini Ümummilli Liderin sadiq olduğu humanizm prinsipləri əsasında qurduğu, Fondun prezidenti Mehriban Əliyevanın xeyriyyəçilik təşəbbüslərinin təkcə Azərbaycanı deyil, dünyanın bir çox ölkəsini əhatə etdiyi bildirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində təşkil olunan tədbirdə çıxış edən Azərbaycanın Çindəki səfiri Bünyad Hüseynov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb. Bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan onu itirmək təhlükəsi qarşısında idi. Azərbaycan xalqı ağır şəraitdən çıxmağın yeganə nicat yolunu Heydər Əliyevdə gördü. Xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev Azərbaycan Respublikasını, Azərbaycan xalqını, müstəqilliyimizin bərpası kimi tarixi nailiyyəti məhv olmaqdan xilas etdi.

Ümummilli Liderin müdrikliyi, qətiyyəti, siyasi bacarığı və çoxillik idarəçilik səriştəsi ilə Azərbaycanda bütün sahələrdə əsaslı dönüş başladığını bildirən diplomat əlavə edib ki, dahi rəhbər ölkəmizin beynəlxalq aləmdə nüfuzunun güclənməsi, iqtisadi yüksəlişi üçün tədbirlər görməyə başlayıb. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə xidmətləri ilə reallığa çevrilən qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri kimi qlobal layihələr müstəqilliyimizi sarsılmaz və əbədi edib.

Səfir Bünyad Hüseynov diqqətə çatdırıb ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri də özünü əvəz edə biləcək siyasi varis yetişdirməsi idi. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü praqmatik və uzaqgörən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, ölkəmizin dünyada nüfuzu xeyli yüksəlib. Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük diqqət yetirdiklərini vurğulayan diplomat əlavə edib ki, məhz həmin yanaşmanın nəticəsində Azərbaycan-Çin münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.