Heydər Əliyev Fondu Bakı şəhərindəki Müqəddəs Məryəm katolik kilsəsində aparılan cari təmir-bərpa işlərini başa çatdırıb.
Fonddan verilən məlumata görə, yüzlərlə katolikin ibadət etdiyi kilsədəki bərpa işləri zamanı hidroizolyasiya təmin olunmaqla dam örtüyü əsaslı təmir olunub.
Qeyd edək ki, kilsə 1912-ci ildə inşa edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra 1934-cü ildə bir çox dini abidələr kimi, bu kilsə də dağıdılmışdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə dini məbədə ehtiyac duyan katoliklər üçün Bakıda yeni kilsənin inşa edilməsi məqsədilə ərazi ayrılmışdı. Müqəddəs Məryəm katolik kilsəsi 2008-ci ilin mart ayından istifadəyə verilib.
Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasındakı əməkdaşlıqdan irəli gələrək Fond tərəfindən 2008-ci ilin sentyabrında katolik kilsənin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilib, eyni zamanda məbədin fasadında keramik panno yerləşdirilmişdi.
Xatırladaq ki, Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasındakı Anlaşma Memorandumu müəyyənləşdirilmiş sahələr üzrə inkişaf, yenidənqurma layihələrinin gerçəkləşdirilməsi, sosial və dini təyinatlı obyektlərə yardımla yanaşı, Azərbaycanda məskunlaşan xalqların etnomədəni inkişafına yönələn tədbirlərin həyata keçirilməsini də nəzərdə tutur.