HEYDƏR ƏLİYEV ADINA AZƏRBAYCAN ALİ HƏRBİ MƏKTƏBİNƏ 2022-2023-CÜ TƏDRİS İLİ ÜÇÜN KURSANT QƏBULU QAYDALARI AÇIQLANIB

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə 2022-2023-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədris Azərbaycan dilində olmaqla əyani formada dörd il müddətində aparılır.

Ali Hərbi Məktəbə cari ildə mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunacaq və ayda 153 manat məbləğində müavinət alacaqlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr ediləcək.

Ali Hərbi Məktəbinin məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq istəyən namizədlər 2022-ci il aprelin 1-dən aprelin 30-dək ərizə ilə məktəbin rəisinə müraciət etməlidirlər.

Ərizəyə əlavə ediləcək sənədlərin siyahısı Müdafiə Nazirliyinin saytında yerləşdirilib.

Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış hərbi həkim komissiyasında müayinədən keçməlidirlər. Hərbi həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu zamanı qəbul komissiyası tərəfindən müraciət etmiş şəxsə bildiriləcək.

Naxçıvan Muxtar Respublikasında yaşayanlar hərbi həkim komissiyasında müayinədən Heydər Əliyev adına Hərbi Liseydə (Naxçıvan şəhəri) keçməlidirlər.

Müraciət edən şəxslərin məhkumluğu barədə arayışın alınması Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin sorğusuna əsasən, Müdafiə Nazirliyinin müvafiq idarəsi tərəfindən həyata keçirilir. Müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə göndərilir.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul üçün keçiriləcək qəbul imtahanına hərbi həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər buraxılacaqlar.

Namizədlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanı verəcəklər. Qəbul imtahanı I ixtisas qrupunun fənləri üzrə keçiriləcək.

Namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na uyğun olaraq mərkəzləşdirilmiş qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən imtahanlarda əldə etdikləri nəticələr əsasında qəbul edilirlər.

Sənədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış komissiya tərəfindən qəbul olunur (ünvan: Bakı şəhəri, Polad Həşimov küçəsi 9. (əlaqə telefonu: 012-479-78-40). Naxçıvan Muxtar Respublikasında yaşayan şəxslər sənədlərini Heydər Əliyev adına Hərbi Liseyə (Naxçıvan şəhəri) təqdim edirlər (əlaqə telefonu: 036-544-00-15, 036-544-00-16).

Qəbul imtahanının tarixi Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunduqdan sonra əlavə olaraq bildiriləcək.

Əlavə məlumat Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin internet saytında yerləşdiriləcək: www.mod.gov.azwww.aahm.edu.az