HEYDƏR ƏLİYEV “ƏSRİN MÜQAVİLƏSİ”Nİ MÜSTƏQİLLİK FAKTINA ÇEVİRDİ

1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalananda Azərbaycanın müstəqilliyi üç yaşına çatırdı və ötən dövr çox gərgin keçmişdi. Ölkə bitib-tükənməyən siyasi təlatümlər, iqtisadi böhran, vətəndaş qarşıdurması yaşamışdı, ən əsası da Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirmişdi. Məhz belə bir mürəkkəb dövrdə xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Prezident Heydər Əliyevin Azərbaycana milyonlarla dollar həcmində xarici sərmayənin cəlb olunmasını nəzərdə tutan, ölkənin gələcək inkişafını müəyyən edən “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması böyük tarixi hadisə idi və bu gün həmin tarixdən düz 30 il ötür!

“Əsrin müqaviləsi” imzalananda dünyada beynəlxalq vəziyyət də fərqli idi və neft sənayesi çətin dövrünü yaşayırdı. 90-cı illərin əvvəlində İraqın Küveytə hərbi müdaxiləsindən sonra BMT-nin bu ölkəyə tətbiq etdiyi embarqo Yaxın Şərqdə gərginliyi yenidən pik həddinə çatdırmışdı. Körfəz böhranı özlüyündə yeni enerji mənbələrinin tapılması ideyasını aktullaşdırmışdı. ABŞ və onun müttəfiqləri bu prosesdə fəal rol oynayırdılar. Bir yandan da yaxın xaricdən gələn və müstəqilliyini yenicə qazanan ölkələr, həmçinin, Azərbaycan üzərində nüfuz embarqosu yaratmaq ideyaları ara vermirdi. Ulu öndər Heydər Əliyev isə yeni neft müqaviləsinin hazırlanmasında Azərbaycanın milli maraqlarının qorunmasını, bu müqavilə sayəsində onun beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsini, müstəqillik dayaqlarının daha da möhkəmləndirilməsini əsas prinsip kimi götürmüşdü. Bu prinsipləri Prezident Heydər Əliyevin başçılığı altında peşəkar mütəxəssislərdən ibarət güclü komanda həyata keçirirdi. Xaricdəki danışıqlara rəhbərlik 1994-cü ilin martında Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunan İlham Əliyevə tapşırılmışdı. Məhz onun rəhbərliyi ilə Birləşmiş Ştatların əsas neft mərkəzlərindən olan Hyustonda aparılan danışıqlar nəticəsində neft kəmərlərinin Azərbaycan torpaqlarının bir hissəsini işğal edən Ermənistandan keçməsi məsələsi öz mahiyyətini itirdi. Nəhayət, Qərb də anladı ki,boru kəməri sülh yox, sülh boru kəməri gətirməlidir. Bununla da, “Əsrin müqaviləsi”nin imzalanması yolunda bütün problemlər aradan qaldırıldı. Azərbaycanın ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya, Norveç və Səudiyyə Ərəbistanı ilə qurduğu dialoq uğurla başa çatdı. Bununla da həmin ölkələri təmsil edən 11 beynəlxalq neft şirkəti ilə 1994-cü il sentyabrın 20-də Bakıda – “Gülüstan” sarayında “Əsrin müqaviləsi” imzalandı.

“Əsrin müqaviləsi” Azərbaycanın təkcə müstəqil ölkə olduğunu yox, həm də ölkənin dünya iqtisadiyyatına sürətli inteqrasiya etmək niyyətini göstərdi. Bu fakt beynəlxalq birliyin üzvü, dünya inkişafının iştirakçısı və suveren bir ölkə kimi Azərbaycana yeni status verdi. Bu statusu müəyyənləşdirən əsasfaktor ondan ibarət idi ki, 1920-ci ildən sonra xarici neft şirkətləri ilk dəfə Xəzərə gəlmişdi və bunu Heydər Əliyev etmişdi. Bir çox hallarda əlimizdən alınan, milli maraqlardan daha çox xarici qüvvələrin maraqlarına xidmət edən Azərbaycan nefti öz tarixində ilk dəfə xalqın maraqlarını qorumağa başlamışdı. Lakin bu müqavilənin dostları ilə yanaşı, güclü düşmənləri də vardı. Təzyiqlər o imzalanandan sonra da bitmədi. Dövlət çevrilişinə, Prezident Heydər Əliyevin həyatına yönələn sui-qəsd cəhdləri də məhz bu amildən qaynaqlanırdı. Hətta 1994-cü ildə Bakı xaricdən idarə olunan və metro, dəmir yolu, avtobus nəqliyyatını hədəf alan intensiv terror aktlarının baş verdiyi şəhərə çevrilmişdi. Amma bütün çətinliklərə baxmayaraq, xalq öz prezidentini milli ləyaqət rəmzi kimi qorudu, bütün qara planların üstündən xətt çəkdi və bu prosesdə Heydər Əliyev bir şəxsiyyət və xilaskar kimi ucaldı.

Bir neçə il sonra “Əsrin müqaviləsi” artıq diplomatik naliyyət kimi də diqqət çəkirdi və özlüyündə neft diplomatiyasının əsasını qoymuşdu. O, hətta Azərbaycanın müstəqilliyinin ən böyük qarantı kimi çıxış edirdi və Azərbaycana beynəlxalq birliyin daimi üzvü olmaq imkanı vermişdi.Heydər Əliyev özü isə “Əsrin müqaviləsi”nə müstəqilliyin simvolu kimi baxırdı. Çünki “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir. Ona görə də bu müqavilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün müstəqil dövlətin beynəlxalq miqyaslı ilk uğuruna çevrildi və özlüyündə daha bir mühüm faktorun icrasını – hasil olunacaq neftin nəqli zərurətini yaratdı. Heydər Əliyev hesab edirdi ki,çəkiləcək kəmər  Azərbaycan neftinin Qərbə çıxışını təmin etməli, ölkəmizin, həm də regionun inkişafına, o cümlədən bölgədə təhlükəsizliyin təmin olunmasına xidmət göstərməli idi. Ulu öndər sonda bu parametrlərə cavab verən yalnız bir marşrut üzərində dayandı. Bununla da ölkələri və dənizləri birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsinə qərar verildi.

1999-cu il noyabrında İstanbulda Amerika, Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistan prezidentləri Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin çəkilişi haqqında hökumətlərarası sazişi imzaladılar. Bir müddət sonra bəzi qüvvələr erməni lobbisinin təsiri ilə layihəni siyasiləşdirməyə başladılar. Çünki Bakı-Tbilisi-Ceyhan həmin dövrdə düşünə biləcəyimiz ən böyük layihə idi və o, artıq qlobal əhəmiyyətə malik məsələyə çevrilmişdi. Ən vacibi isə ondan ibarət idi ki, siyasətlə neft arasında tarazlıq baxımından layihə böyük geosiyasi əhəmiyyət daşıyırdı.2006-cı il mayın 28-də Azərbaycan nefti son dayanacağa – Türkiyənin Ceyhan limanına çatanda Azərbaycan müstəqil ölkə kimi cəmi 15 yaşında idi. Ulu öndər Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinə vurulan xam neftin Ceyhan terminalına çatması ilə yeni neft strategiyasının həyata keçirilməsində mühüm mərhələ başlandı və üç dənizin əfsanəsi reallığa çevrildi. Azərbaycan həm də müstəqil dövlət olaraq öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını sonadək müdafiə etmək əzmində olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

MTM Analitik Qrup