HAVA ŞƏRAİTİ SƏBƏBİNDƏN BAKI-TBİLİSİ REYSİNİ YERİNƏ YETİRƏN TƏYYARƏ GERİ QAYIDIB

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib.

AZAL-dan bildirilib ki, buna səbəb Tbilisi hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub.

Təyyarə yerli vaxtla saat 08:05-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.