
Vyetnamın paytaxtı Hanoyda Vyetnam-Azərbaycan biznes-forumu və Vyetnam-Azərbaycan biznes şurasının ilk iclası keçirilir.
Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası çərçivəsində keçirilən tədbirlərdə hər iki ölkədən dövlət rəsmiləri, müxtəlif sahələri təmsil edən iş adamları iştirak edir.
Tədbirin açılış mərasimində Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan tərəfdən həmsədri, energetika naziri Pərviz Şahbazov, iqtisadiyyat nazirinin 1-ci müavini Elnur Əliyev, Vyetnamın sənaye və ticarət nazirinin müavini Nquyen Hoanq Lonq, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və başqaları iştirak edirlər. Tədbir çərçivəsində panel müzakirələr, şirkətlərin təqdimatı, iş adamları arasında ikitərəfli görüşlər, əməkdaşlıq sənədlərinin imzalanması nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan-Vyetnam biznes şurası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın may ayında Azərbaycana olan səfəri zamanı KOBİA ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında imzalanmış Anlaşma Memorandumuna əsasən yaradılıb.