Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi və digər əlaqədar qurumlar qida təhlükəsizliyi məsələlərinə diqqət yetirir və əhalini potensial təhlükələrdən qorumaq üçün hər zaman tədbirlər həyata keçirir.
Bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi və Ölkə Ofisinin rəhbəri Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
H.Harmancı bildirib ki, son vaxtlar ABŞ-ın bəzi ştatlarında ət məhsulları ilə bağlı uşaqlar arasında xəstəliklər yayılıb və ölüm halları müşahidə edilib: “Bu xəstəliklərin səbəbi müxtəlif bakterial və ya viral infeksiyalar ola bilər. Ət məhsullarında baş verən bu xəstəliklər adətən qida ilə ötürülən xəstəliklərdir və müxtəlif bakteriyalar səbəbindən yaranır. Bu infeksiyalar yüksək temperaturda yaxşı bişirilməmiş və ya düzgün saxlanılmamış ət məhsullarından qaynaqlana bilər. Bu baxımdan, Azərbaycanda müəyyən tədbirlər həyata keçirilir. Həmin tədbirlər əhalinin sağlamlığını qorumaq üçündür. Azərbaycanda əhalinin sağlamlığını qorumaq və qida təhlükəsizliyini təmin etmək üçün görülən tədbirlər təqdirəlayiqdir”.