Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində, eyni zamanda əlavə ayrılmış hakim ştatlarının yüksək hazırlıqlı hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi davam etdirilir.
Hakimlərin Seçki Komitəsindən verilən məlumata görə, namizədlərin seçimində çevikliyin təmin edilməsi, habelə onların imtahanlara hazırlaşmalarına şəraitin yaradılması məqsədilə müsabiqənin ilkin mərhələsi olan test imtahanının bu il dekabrın 15-də keçirilməsi qərara alınıb.
Namizədlərin imtahanlara mükəmməl hazırlaşmalarına kömək məqsədilə imtahan suallarına dair annotasiyanı, habelə imtahan qaydalarını, namizədlərin imtahanla bağlı vəzifələrini və imtahan suallarının nümunələrini özündə əks etdirən “Hakim vəzifəsinə namizədin yaddaş kitabçası” Məhkəmə-Hüquq Şuranın rəsmi internet səhifəsində (jlc.gov.az) yerləşdirilib.
İmtahanla bağlı buraxılış vərəqələrinin təqdim olunması və digər aidiyyəti məsələlərə dair əlavə məlumat veriləcəkdir.
Sənədlər Hakimlərin Seçki Komitəsi tərəfindən bütün iş günləri ərzində, o cümlədən elektron poçt (hsk@jlc.gov.az) ünvanı vasitəsilə qəbul edilir.
Hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim edə bilərlər.
Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62.