“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi tələbələrin kosmik sahədə nəzəri və praktiki biliklər qazanması, xüsusilə peyk modelləşdirilməsi və idarə olunması istiqamətində yerli kadrların hazırlanması məqsədini daşıyır.
“Həvəskar Peyk Modelləşdirilməsi” müsabiqəsi tələbələrə mexanika, elektronika və programlaşdırma istiqamətləri üzrə baza biliklərinin formalaşmasına imkan verəcək. Bundan əlavə olaraq, iştirakçılar komandada işləmə, təqdimat və planlaşdırma kimi faydalı bacarıqlar əldə edəcəklər.
Müsabiqənin şərtlərinə əsasən, komandalar tərəfindən kiçik peyk modeli hazırlanır. Model müəyyən edilmiş hündürlükdən buraxıldıqdan sonra yerə endiyi müddətdə sensorlardan lazımi məlumatları toplayır. Həmin məlumatları telemetriya paketi formasında müvafiq interfeysə göndərərək təyin olunmuş missiyanı yerinə yetirir. Missiya dedikdə isə, tələbələrin hazırlayacağı model peyk daşıyıcıdan ayrıldıqdan sonra ayrılmanı avtonom olaraq təyin etməli və ayrılma uğurlu olduğu halda, Yer səthinin videogörüntüsünü qeydə almalı və həmin videogörüntünü daxili yaddaş kartında saxlaması nəzərdə tutulur.
Qatılmaq üçün müraciət etməyə tələsin!
https://teknofest.az/az/competitions/competition/35
Əlavə məlumat əldə etmək üçün:
050 251 40 28
office@teknofest.az
teknofest.az
Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda keçiriləcək.
Qeyd edək ki , Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.
“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.