HƏSƏN NƏBİYEV: XƏZƏRİN SƏVİYYƏSİNDƏ QALXMALAR 2050-Cİ İLDƏN SONRA MÜŞAHİDƏ EDİLƏ BİLƏR

“2050-ci ilə qədər Xəzərin səviyyəsinin enmə ehtimalı böyükdür”.

Bunu Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun iclasında deyib.

H.Nəbiyev Xəzər dənizinin səviyyə tərəddüdlərinə Günəş aktivliyi və atmosfer sirkulyasiyasının da təsir etdiyini diqqətə çatdırıb: “Bir təsnifat var və orada E, V, W və C prosesləri ayrılır. V və W prosesləri Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsidir. E və C isə meridianal proseslərdir. Xəzər dənizinin səviyyəsini tədqiq etmək üçün həmin təsnifatdan istifadə etdik. Məlum oldu ki, V proseslərinin artması, yəni Qərbdən gələn hava kütlələrinin üstünlük təşkil etməsi Xəzər dənizinin səviyyəsinin artması ilə uyğunlaşır. Dənizin səviyyəsinin enməsi E proseslərinin – meridianal proseslərin artması ilə üst-üstə düşür. Nə qədər ki, meridianal proseslər davam edəcək, Xəzərin enməsi də davam edəcək. Proqnoza görə, 2050-ci ilə qədər E və C prosesləri üstünlük təşkil edəcək. O zamana qədər Xəzər dənizinin səviyyəsinin enməsi ehtimalı böyükdür. 2050-2052-ci ildən sonra V proseslərinin təkrarlanması ehtimalı var. Bundan sonra Xəzərin səviyyəsində qalxmaları müşahidə etmək olar. Bu onu göstərir ki, Xəzərin səviyyəsində tərəddüdlər Günəş aktivliyi və atmosfer sirkulyasiyası ilə də əlaqəlidir. Təbii ki, burada digər amilləri də nəzərə almaq lazımdır”.