HƏRBİ PROKURORLUQ: HƏRBİ QULLUQÇUMUZUN YARALANMASI FAKTI ÜZRƏ CİNAYƏT İŞİ BAŞLANILIB

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Nəzərov Ramiz İsmət oğlunun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması barədə Kəlbəcər Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Kəlbəcər Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Allahdan hərbçimizə şəfa diləyirik.