
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq, Müdafiə Nazirliyinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə aidiyyəti qurumları cəlb etməklə fevralın 22-də N saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib.
Bu barədə Dövlət Komissiyasından məlumat verilib.
Tədbirdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı və Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu mövzu ətrafında çıxışlar edərək narkotik maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri, o cümlədən profilaktik tədbirlərə dair fəaliyyət planı və narkotik vasitələrin qəbuluna şübhə yarandığı halda ekspress-diaqnostikanın aparılması barədə zəruri məlumatlar verilib.
Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri təbliğat materialları iştirakçılara təqdim edilib.


