
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında hərbi əməkdaşlığın inkişaf etdirilməsi və birgə hərbi təlimlərin keçirilməsi müasir beynəlxalq təhlükəsizlik mühitində artıq strateji əhəmiyyət kəsb edir. Çünki qlobal miqyasda geosiyasi rəqabətin artması, regional münaqişələrin çoxalması, terrorizm, separatizm, kibertəhlükələr və müxtəlif təhdidlərin genişlənməsi türk dövlətlərinin təhlükəsizlik sahəsində daha sıx koordinasiyaya ehtiyacını artırır. Elə bu kontekstdə Azərbaycan hərbi istiqamət üzrə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında münasibətlərin daha sıx inkişaf etdirilməsi təşəbbüsü ilə çıxış edir, konkret təkliflər irəli sürür.
Xatırlatmaq lazım gəlir ki, ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində çıxışı zamanı bununla bağlı Prezident İlham Əliyev konkret təkliflər irəli sürüb: “Məlumdur ki, təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil. Beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulduğu dövrdə ölkələrimiz arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlıq çox önəmli amillərdən biridir…Ölkələrimiz arasında hərbi, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlığı nəzərə alaraq, 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edirəm. Bugünkü dünyada hərbi güc hər bir ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün əsas amilidir”. Elə Qəbələ Sammitindən keçən qısa müddət ərzində dünyada baş verən bir sıra hadisələr növbəti dəfə Azərbaycan liderinin nə dərəcədə haqlı olduğunu bir daha sübut etdi. İndiki dünya nizamının xaosa qərq olduğu bir vaxtda Türk Dövlətləri Təşkilatının hərbi sahədə də sıx əməkdaşlığına böyük zərurət var və bu, həm də zamanın tələbidir. Nəzərə alınmalıdır ki, türk dövlətləri Avrasiyanın və beləliklə, dünyanın geosiyasi, geoiqtisadi səhnəsində mərkəzi yerdə dayanırlar. Elə bu amilin özü bir daha türk dövlətlərinin daha güclü mövqedə olmasını tələb kimi ortaya çıxarır.
Qeyd edilənlər kontekstində Azərbaycanın hərbi əməkdaşlıq və birgə təlimlərlə bağlı təklifi aktuallığını qoruyur. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir daha bu mövzuya toxunaraq, bildirib ki, beynəlxalq hüququn indiki böhran vəziyyətində güclü mövqedə dayanmaq olduqca mühümdür: “…Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan. Heç bir ölkə, heç bir rəhbər nahaq iş görməməlidir, heç bir ölkənin ərazi bütövlüyünə göz dikməməlidir, heç bir ölkəni işğal etməməlidir…Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir. Biz indi mesajlarımızı müxtəlif diplomatik kanallarla göndəririk. Əgər ümumi razılıq olarsa, onda biz bu il bu təlimləri görəcəyik. Əgər görsək ki, təlim keçirilmədi, deməli, gərək sual verəsiniz “Kim bunu dəstəkləmədi?”. Amma mən ümid edirəm ki, bütün üzv ölkələr bunu dəstəkləyəcək”.
O da birmənalı həqiqətdir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıq yalnız müdafiə xarakterli mexanizm deyil, eyni zamanda türk dünyasının siyasi birliyini və strateji dayanıqlığını gücləndirən mühüm alət ola bilər. Həm də geniş coğrafiyanı əhatə edən, Avropa ilə Asiyanı birləşdirən strateji məkanda yerləşən türk dövlətləri müxtəlif təhlükəsizlik çağırışları ilə üz-üzədirlər. Bu təhlükələr ayrı-ayrılıqda deyil, regional və transsərhəd xarakter daşıdığı üçün onlara qarşı effektiv mübarizə yalnız birgə və əlaqələndirilmiş fəaliyyət yolu ilə mümkündür. Hərbi əməkdaşlığın dərinləşdirilməsi bu baxımdan üzv ölkələrin milli təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Birgə hərbi təlimlərin keçirilməsi üzv dövlətlərin silahlı qüvvələri arasında qarşılıqlı etimadı artırmaqla yanaşı, koordinasiya məsələlərinin də uğurlu həllinə imkan verər. Müxtəlif ölkələrin orduları arasında əməliyyat uyğunluğu, vahid taktiki yanaşmaların formalaşdırılması, komanda-idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məhz birgə təlimlər vasitəsilə mümkündür. Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi əməkdaşlıq həm də qabaqlayıcı təhlükəsizlik mexanizmi rolunu oynamaq iqtidarındadır. Birgə hərbi fəaliyyət potensial xarici təhdidlərə qarşı çəkindirici faktor yaradır. Kollektiv güc nümayişi regionda sabitliyi pozmağa çalışan qüvvələrə açıq mesaj verir ki, türk dövlətləri öz təhlükəsizlik maraqlarını birlikdə müdafiə etməyə qadirdir. Bu, xüsusilə regional münaqişələrin mövcud olduğu həssas geosiyasi şəraitdə mühüm əhəmiyyət daşıyır.
Hərbi əməkdaşlığın digər vacib istiqaməti müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsidir. Birgə istehsal, texnologiya mübadiləsi, təcrübə paylaşımı türk dövlətlərinin hərbi-texniki potensialını artırar, xarici asılılığı azaldar. Bu sahədə Türkiyənin əldə etdiyi təcrübə və Azərbaycanın müasir hərbi texnologiyalara inteqrasiya imkanları digər üzv ölkələr üçün mühüm nümunə və stimul rolunu oynayır. Müdafiə sənayesi sahəsində əməkdaşlıq təkcə hərbi deyil, həm də iqtisadi və elmi-texniki inkişafı təşviq edir.
Hərbi əməkdaşlığın inkişafı eyni zamanda humanitar və fövqəladə hallar zamanı da mühüm rol oynayır. Təbii fəlakətlər, texnogen qəzalar və humanitar böhranlar zamanı birgə hərbi resursların səfərbər edilməsi, operativ yardım mexanizmlərinin işlək vəziyyətdə olması region ölkələrinin təhlükəsizlik və humanitar dayanıqlığını artırır. Ən əsası isə birgə hərbi əməkdaşlıq regional sabitliyin qorunmasına, kollektiv təhlükəsizliyin təmin olunmasına, türk dünyasının siyasi birliyinin möhkəmləndirilməsinə və qlobal miqyasda təsir gücünün artmasına xidmət edərdi. Bu mənada müasir çağırışlar fonunda Türk Dövlətləri Təşkilatı çərçivəsində hərbi inteqrasiyanın mərhələli və sistemli şəkildə dərinləşdirilməsi üzv ölkələr üçün çoxsaylı üstünlüklər vəd edir. Azərbaycan isə bu prosesin ləngimədən həyata keçrilməsini təklif edir. Çünki hərbi istiqamət üzrə də əməkdaşlığın inkişafı türk dünyasının beynəlxalq miqyasda siyasi, iqtisadi güc mərkəzi kimi statusunu daha da gücləndirir.
MTM Analitik Qrup
