HƏR İKİ VALİDEYNİN RAZILIĞINA ƏSASƏN 12-15 YAŞLI YENİYETMƏLƏRƏ COVID-19 ƏLEYHİNƏ MRNT PFİZER PEYVƏNDİ VURULA BİLƏR

Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən 12-15 yaşlı yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər. 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası bu barədə qərar qəbul edib.

Qeyd edək ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.