Bu gün Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir M.Botçorişvili 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.
Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.
Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələlik müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır.