GÜRCÜSTAN PARLAMENTİNİN NÜMAYƏNDƏSİ: AZƏRBAYCANDA SƏSVERMƏ SƏRBƏST VƏ ƏDALƏTLİ ŞƏKİLDƏ KEÇİRİLDİ

Biz nümayəndə heyəti olaraq dünən keçirilən növbədənkənar parlament seçkilərini çox yüksək qiymətləndiririk. Səsvermə sərbəst və ədalətli şəkildə keçirildi.

Bu fikirləri Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin ilkin yekunları ilə bağlı təşkil olunan mətbuat konfransında Gürcüstan parlamentinin komitə sədri İrakli Kadagişvili səsləndirib. O bildirib ki, Milli Məclisin dəvəti ilə bu seçkilərdə müşahidəçi qismində iştirak ediblər. Onların müşahidə missiyası dünən 8 seçki məntəqəsində olub. Hər məntəqədə seçki qanunauyğun təşkil olunub. Səsvermə sakit mühitdə keçirilib.

“Bizim müşahidələr göstərdi ki, bütün seçki prosesi qaydalara uyğun baş tutdu. Səsvermə prosesi sakit şəkildə qanunauyğun həyata keçirildi. Mərkəzi Seçki Komissiyasının təyin etdiyi məntəqə komissiya üzvlərindən əlavə, digər partiyaların üzvləri də müşahidəçi kimi iştirak edirdilər. Ümumilikdə 8 məntəqə üzrə heç bir pozuntu ilə rastlaşmadıq. Seçicilər öz iradələrini azad şəkildə ifadə edirdilər, onlara təzyiq və ya kənardan müdaxilə faktı ilə rastlaşmadıq. Biz nümayəndə heyəti olaraq seçkiləri çox yüksək qiymətləndiririk. Seçki azad və ədalətli şəkildə keçirildi”, – deyə Gürcüstan parlamentinin komitə sədri qeyd edib.

Azərbaycanın beynəlxalq səviyyədə tanınan suveren ərazisində ilk dəfə keçirilən parlament seçkiləri münasibətilə təbriklərini çatdıran İrakli Kadagişvili deyib: “Azərbaycan güclü dövlətdir. Bu seçki Azərbaycanın gücünü və birliyini nümayiş etdirdi. Bir daha seçkilərin uğurla keçirilməsi münasibətilə təbriklərimi çatdırıram. Azərbaycanla Gürcüstan arasında dostluq, sıx münasibətlər, strateji tərəfdaşlıq mövcuddur. Eyni zamanda, parlamentlərimiz arasında səmərəli əməkdaşlığın davam etdirilməsini diləyirəm”.