GÜRCÜSTAN MEDİASI PREZİDENT İLHAM ƏLİYEVİN ŞUŞA MEDİAFORUMUNDAKI ÇIXIŞINI İŞIQLANDIRMAQDA DAVAM EDİR

Gürcüstan mətbuatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışından materiallar yaymaqda davam edir.

24news.ge, saqinform.ge, newsday.ge, “interpress.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandırarkən söylədiyi fikirlərə geniş yer veriblər.

Əsasən AZƏRTAC-a istinadla yayılan xəbərlərdə dövlətimizin başçısının xüsusilə Cənubi Qafqaz regionunun inkişafı, sülh prosesi, Azərbaycanla bağlı həqiqətlərin düzgün, qərəzsiz işıqlandırılmasının vacibliyi barədə fikirləri əksini tapıb.

1tv.ge ictimai televiziyasının yaydığı məlumatda Azərbaycan qazının Avropaya nəqlindən söz açılıb. Məlumatda deyilir ki, Azərbaycanın məqsədi Azərbaycan qazının Avropaya nəqlini ikiqat artırmaqdır. Mövcud nəqliyyat şəbəkəsi vasitəsilə resursların Avropaya çatdırılması planlaşdırılır.

Dövlətimizin başçısının nitqindən gətirilən sitatda deyilir: “2021-ci ildə biz Avropaya bir milyard kubmetrdən çox qaz nəql etmişik. Bu il biz təkcə Avropaya 13 milyard kubmetr nəql edəcəyik. 2027-ci ilin sonuna kimi biz Avropaya ixracı 16 milyard kubmetrə çatdırmalıyıq. Bu resursların mövcud nəqliyyat şəbəkəsi – Cənub Qaz Dəhlizi, eləcə də interkonnektorlar vasitəsilə Avropaya çatdırılması planlaşdırılır”.

Saqinform.ge portalında dərc olunan məlumatlarda Azərbaycan Prezidentinin Ermənistan ilə sülh müqaviləsi, Azərbaycan qazının Avropaya nəqli, eləcə də Cənubi Qafqazla bağlı fikirlərindən xəbərlər yayıb.

Sülh müqaviləsi ilə bağlı məlumatda deyilir ki, sülh müqaviləsinin mətninin 80-90 faizi artıq razılaşdırılıb. Ermənistan ondan (Qarabağla bağlı – red.) müddəa və terminologiyanı çıxarmağa məcbur oldu ki, bu da normallaşma prosesinin daha da inkişafına yol açdı.

Azərbaycan qazının Avropaya nəqli ilə bağlı materialda isə cənub qaz dəhlizinin genişləndirilməklə qaz nəqlinin 16 milyard kubmetrdən 32 milyard kubmetrə artırılması və s. məsələlər əksini tapıb.

24news.ge informasiya portalı Prezident İlham Əliyevin Britaniyada Ermənistanın baş naziri Nikol Paşinyanla planlaşdırılan, lakin erməni baş nazirin imtina etdiyi görüş barədə fikirlərinə yer ayırıb.

Məlumatda deyilir: “Sülh sazişinin mətni üzərində danışıqların davam etdiyini, lakin bu gün bununla bağlı daha az nikbin olduğunu vurğulayan Prezident İlham Əliyev baş nazir Paşinyanın onunla Britaniyada görüşməkdən imtina etdiyini xatırladıb. O deyib ki, bu görüş Britaniya hökumətinin təşəbbüsü, təklifi idi: “Lakin Ermənistan tərəfi bu təklifi rədd etdi. Biz buna çox təəccübləndik”.

Newsday.ge portalı isə Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılması, Cənubi Qafqaz regionunda tarixi transformasiya və baş verən tarixi-geosiyasi dəyişikliklər barədə məlumatlar yayıb.