GÜRCÜ MÜĞƏNNİLƏR ŞUŞADA AZƏRBAYCAN MAHNILARINI OXUYUBLAR

Gürcüstanlı mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərin Şuşaya səfəri başa çatıb.

Qonaqlar şəhərin mərkəzi meydanında, Şuşa qalasında, Cıdır düzündə olublar. Bundan başqa Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev muzeyini ziyarət ediblər.

Gürcüstanlı opera müğənnisi Jakeli Lamze Şuşa qalasının qarşısında sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısını səsləndirib. Şəhərin küçələrini gəzən müğənni Veriko Turaşvili “Sarı gəlin” mahnısını ifa edib. Müğənni Dmitri Kisişvili isə qızı Eli Kisişvili ilə birlikdə Şuşada “Cücələrim” mahnısını oxuyublar.

Qeyd edək ki, dünən gürcüstanlı qonaqlar Cəbrayıl və Füzuli rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər. Sabah isə onlar Ağdamda olacaqlar.