
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Azərbaycan-Türkiyə müdafiə nazirləri görüşüb
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin milli müdafiə naziri Yaşar Güler arasında keçirilən görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi, birgə təlimlərin artırılması və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Tərəflər “Qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” imzalayıblar.
2. Azərbaycanın xarici işləri naziri Gürcüstana səfər edib
Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Azərbaycan-Gürcüstan münasibətlərinin strateji xarakteri, enerji və nəqliyyat layihələri, eləcə də regional və beynəlxalq məsələlər əsas müzakirə mövzuları olub.
3. Bakıda keçirilən İsrail-Suriya danışıqları
Bakıda baş tutan görüşdə İsrail və Suriya rəsmiləri arasında ilkin təmaslar qurulub. Danışıqların əsas mövzusu hərbi qarşıdurmaların azaldılması və mümkün atəşkəsin konturlarının müəyyənləşdirilməsi olub.
4. Ermənistanın xarici ticarət dövriyyəsi azalıb
Ermənistanın xarici ticarət dövriyyəsi son aylarda əhəmiyyətli dərəcədə azalıb. Rəsmi məlumatlara görə, həm ixrac, həm də idxalda geriləmə müşahidə olunur. Bunun əsas səbəbləri kimi regional qeyri-sabitlik, Rusiyaya qarşı sanksiyaların dolayı təsiri və yerli iqtisadiyyatdakı durğunluq göstərilir.
5. Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır
Avropa İttifaqı Ukraynada davam edən müharibəyə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyalar paketini hazırlayır. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro deyib ki, məqsəd Rusiyanın “hərb iqtisadiyyatını tükətmək” və Moskvanı atəşkəsə məcbur etməkdir.