
Media Təhlil Mərkəzinin (MTM) Analitik qrupunun fikrincə, günün TOP-5 mövzusu aşağıdakılar ola bilər:
1. Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri davam edir
Qurbanqulu Berdiməhəmmədovun Bakıya səfəri çərçivəsində Azərbaycan-Türkmənistan əlaqələrinin siyasi, iqtisadi və humanitar istiqamətlərdə inkişafı müzakirə olunub. Səfər zamanı tərəflər enerji əməkdaşlığı, nəqliyyat-logistika sahələri və Xəzər dənizində birgə layihələrə dair yeni razılaşmalar əldə etməyə çalışırlar. Berdiməhəmmədovun işğaldan azad olunmuş ərazilərə səfəri də gündəmdədir.
2. Paşinyanın Türkiyə ilə əməkdaşlığa dair bəyanatı
Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasının bölgə üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, Ermənistanın regional kommunikasiyaların və sərhədlərin açılmasına hazır olduğunu vurğulayıb. Paşinyanın bu çıxışı Ankara ilə yeni diplomatik mərhələyə keçid niyyətindən xəbər verir.
3. Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamaları
Nikol Paşinyan Zəngəzur dəhlizinin açılmasının ABŞ, Avropa İttifaqı və Çinin maraq dairəsində olduğunu bildirib. O, dəhlizin idarəçiliyinin özəl şirkətə verilməsini də istisna etməyib.
4. Ermənistan müxalifətinin blok halında birləşməsi
Ermənistanda bir neçə müxalifət partiyası və ictimai hərəkatlar Paşinyan hökumətinə qarşı vahid siyasi blok formalaşdırır. Bu birləşmə xüsusilə sülh prosesinə və ərazi güzəştlərinə qarşı çıxmaq məqsədi daşıyır. Qarşıdan gələn parlament sessiyası və gözlənilən aksiyalar bu blokun ilk ciddi imtahanı olacaq.
5. İsrail Dəməşqə hava zərbələri endirib
İsrail Hərbi Hava Qüvvələri Dəməşqdəki hədəflərə hava zərbələri endirib. Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa xalqa müraciətində ordunun döyüşməyə hazır olduğunu və Suriya üçün vətəndaşlarının və onların hüquqlarının müdafiəsinin prioritet olduğunu bildirib.